ADB kapital bazarlarının inkişafı üçün Azərbaycanda requlyatorlarla əməkdaşlığı genişləndirir

Maliyyə
  • 26 noyabr, 2025
  • 12:16
ADB kapital bazarlarının inkişafı üçün Azərbaycanda requlyatorlarla əməkdaşlığı genişləndirir

Kapital bazarlarının inkişafı Azərbaycan iqtisadiyyatında əlavə dəyər yaratmağın ən effektiv yollarından sayılır.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADB infrastruktur bankı olaraq daha çox investisiyaları üzv ölkələrdə infrastruktur vasitəsilə əlavə dəyər yaratmağa yönəldir: "Lakin davamlı inkişafa nail olmaq və iqtisadiyyata uzunmüddətli töhfə vermək üçün kapital bazarlarının rolu hər zamankından daha vacibdir. Məhz buna görə ADB-nin növbəti strategiyasında kapital bazarlarının inkişafı xüsusi vurğulanıb".

S. Şabanov qeyd edib ki, bu istiqamətdə həm dövlət qurumları – başda Maliyyə Nazirliyi və Mərkəzi Bank olmaqla requlyatorlarla, həm də bazar iştirakçıları – "Unicapital", "ABB Invest" və digər investisiya şirkətləri ilə sıx əməkdaşlıq həyata keçirilir.

"Fəaliyyətimizin böyük hissəsi "upstream" mərhələsinə, yəni requlyatorlarla birlikdə yerli qanunvericiliyin təkmilləşdirilməsi və bazar infrastrukturlarının qurulmasına yönəlib. Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə birlikdə ölkə kredit reytinq agentliklərinin yaradılması, həmçinin təqdim olunan qanunvericilik aktlarının təkmilləşdirilməsinə dəstək göstərmişik", - deyə o bildirib.

Onun sözlərinə görə, investisiya şirkətləri ilə əməkdaşlıq daha çox "downstream" mərhələsində - bazarda uğurlu nümunələrin formalaşdırılması istiqamətində aparılır:

"Uzun müddət bazarda məlumatlılığın az olması ilə bağlı tezislər səslənirdi. Amma öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, korporativ sektorda kifayət qədər məlumatlılıq mövcuddur. "ABB Invest" və Beynəlxalq Bankın ötən il keçirdiyi IPO da bunu sübut etdi - 20-25 mindən çox yeni investor həmin prosesdə iştirak edərək səhmdar oldu. Bu, bazarda ən azı 25 mindən çox məlumatlı və investisiya etməyə hazır potensial investorun mövcudluğunu göstərir".

S. Şabanov əlavə edib ki, növbəti layihələr çərçivəsində də bazarda tələb probleminin yaranacağı gözlənilmir.

"ADB olaraq istənilən rolu - həm "anker" investor, həm məsləhətçi, həm də tərəfdaş kimi - icra etməyə hazırıq. Biz bu rolu artıq Gürcüstanda ‘Georgian Global Utilities" və Gürcüstan Dəmir Yolları layihələrində yerinə yetirmişik. Azərbaycanda da həm requlyatorlarla, həm də investisiya şirkətləri ilə eyni formatda əməkdaşlığa tam açığıq", - deyə o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti