ADB: Azərbaycanda ətraf mühitə bağlı emissiya layihələrini məbləğdən asılı olmayaraq dəstəkləməyə hazırıq
- 26 noyabr, 2025
- 11:59
Asiya İnkişaf Bankı (ADB) ətraf mühitlə bağlı Azərbaycanın kapital bazarında istənilən emissiya prospektini, məbləğindən asılı olmayaraq, investor və məsləhətçi qismində dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bunu ADB-nin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əgər istənilən dövlət qurumu, dövlətə məxsus və ya dövlətin payı olan şirkət, eləcə də özəl sektor nümayəndələri ətraf mühit və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələləri ADB ilə müzakirə etməyə hazırdırsa, Bank onların emissiya təşəbbüslərini dəstəkləyə bilər.
"Makroiqtisadi vəziyyətə nəzər salsaq, ötən il ilkin qiymətli kağızlar bazarında 60 %-dən çox, təkrar bazarda isə 50 %-dən çox artım qeydə alınıb. Lakin görüləsi işlər hələ çoxdur. Çünki bazarın kapitallaşmasının ümumi daxili məhsula nisbəti Azərbaycanda hələ də tək rəqəmli göstəricidir. Halbuki regionun digər ölkələrində bu rəqəm 22 %, 28 %, 30 % səviyyəsindədir", - deyə o vurğulayıb.
S. Şabanov əlavə edib ki, bununla belə, inkişaf üçün böyük potensial mövcuddur: "Ən azı requlyator, yerli investisiya şirkətləri, dövlətə məxsus qurumlar və iri şirkətlər bazarda emitent kimi çıxış etməyə hazırdır. Bu isə çox ümidverici bir göstəricidir".