AVF rəsmisi: "Avropa Voleybol Konfederasiyası Milli Gimnastika Arenasını yüksək qiymətləndirdi"

Komanda
  • 28 noyabr, 2025
  • 12:08
AVF rəsmisi: Avropa Voleybol Konfederasiyası Milli Gimnastika Arenasını yüksək qiymətləndirdi

Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə Təşkilat Komitəsinin üzvləri və turnirin yayım tərəfdaşı "İnfront" şirkətinin əməkdaşları Milli Gimnastika Arenasının infrastrukturunu və ümumi şəraitini yüksək qiymətləndiriblər.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov açıqlama verib.

AVF rəsmisi nümayəndələrin təəssüratlarının müsbət olduğunu söyləyib:

"Bildiyiniz kimi, noyabrın 25-də Avropa Voleybol Konfederasiyasının AVRO-2026 üzrə Təşkilat Komitəsinin üzvləri və turnirin yayım tərəfdaşı "Infront" şirkətinin əməkdaşları Bakıda işgüzar səfərdə oldular. Bu, onların Bakıya ikinci səfəri idi. İlk səfər fevralın 25–26-da baş tutmuşdu. Bu səfər çərçivəsində ilk olaraq "CBC Sport" və "İdman TV" kanallarının rəhbərliyi ilə görüş keçirildi və AVRO-2026-nın yayım hüquqları ilə bağlı müzakirələr aparıldı. Daha sonra yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında iclas təşkil olundu. Görüş zamanı bir sıra məsələlər, federasiya tərəfindən bu vaxta qədər görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi. Nümayəndələr arenanın infrastrukturunu və ümumi şəraitini yüksək qiymətləndirərək, təəssüratlarının müsbət olduğunu bildirdilər".

O, Avropa çempionatına hazırlıqla bağlı görülən işlərdən də söz açıb:

"Deyə bilərəm ki, biz Təşkilat Komitəsi ilə mütəmadi və sıx əlaqə saxlayırıq. Yarışın təşkili ilə bağlı CEV tərəfindən hər il müəyyən yeniliklər tətbiq olunur və AVF olaraq hazırlıq prosesini bu tələblərə uyğun şəkildə davam etdiririk. Bildiyiniz kimi, Bakı 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilib və ölkəmizdə bir çox beynəlxalq idman tədbirləri keçiriləcək. Bu o deməkdir ki, 2026-cı ildə bütün dünyanın gözü ölkəmizdə olacaq. Biz də hər zaman olduğu kimi çalışırıq ki, AVRO-2026-nı yüksək səviyyədə təşkil edək. İnanırıq ki, Azərbaycanda keçirilən bütün beynəlxalq yarışlar kimi, AVRO-2026 da uğurla keçəcək. Ən əsası isə milli komandamız bu turnirdə yaxşı nəticə əldə edəcək".

Qeyd edək ki, AVRO-2026-nın C qrupunda yer alan Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları Bakıda mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti