ABF-nin idman direktoru: "Şimali Makedoniyaya məğlubiyyətdən lazımi dərslər çıxarmalıyıq"
- 28 noyabr, 2025
- 11:38
Azərbaycanın kişi basketbolçulardan ibarət yığması 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki ilk matçda Şimali Makedoniyaya (87:49) məğlubiyyətdən dərs çıxarmalıdır.
Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.
Türkiyəli mütəxəssis nəticənin gözlədikləri kimi olmadığını deyib:
"Açığı, gözlədiyimiz oyun deyildi. Daha bərabər səviyyəli mübarizə gözləyirdik. Təbii ki, Şimali Makedoniya bir çox cəhətdən bizdən üstündür. Amma belə nəticə gözləmirdik. Rəqib evdə oynadığını və oyuna bizdən daha yaxşı hazırlaşdığını göstərdi. Təəssüf ki, oyun zamanı da müəyyən problemlər yaşadıq. 38 xal fərq oldu. Bundan lazımi dərslər çıxarmalıyıq".
O, heyətdəki çatışmazlıqları da vurğulayıb:
"Beynəlxalq təcrübəsi olan Orxan Hacıyev öz komandasındakı gərgin qrafik səbəbindən hazırlığa qatılmadı. Onun yoxluğunu hiss etdik. Bundan başqa, Uesli Van Bek çox aşağı səviyyədə oynadı. Təbii ki, bunun da səbəbləri var. Çünki oyun boyunca iki, üç rəqib tərəfindən sıxışdırılırdı. Digər oyunçularımızdan isə istədiyi dəstəyi ala bilmədiyi üçün məcburi atışlardan istifadə etdi və oyunu çox zəif keçirdi".
T.Zeytingöz Lüksemburqla matçdan gözləntilərini bölüşüb:
"Lüksemburq ilk matçda İrlandiyanı məğlub etdi. Bizimlə oyuna yüksək əhval-ruhiyyədə çıxacaqlar. Yığmadan doğma azarkeşlər önündə lazımi cavablar, rəqibə yaxın mübarizə gözləyirəm. Açığı, çox ümidliyəm. Lüksemburq üzərində qələbə qazansaq, şansımızı davam etdirəcəyik. Hazırda diqqəti tamamilə bu matçda qələbə qazanmağa yönəltmişik. Qələbədən başqa nəticə bizim üçün uğursuzluq olacaq. Ümid edirəm ki, istəyimizə nail olacağıq".
Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.