Səfir: "TRIPP Asiya-Avropa ticarəti üçün yeni imkanlar açacaq və logistik boşluğu aradan qaldıracaq"
- 07 oktyabr, 2025
- 13:23

Azərbaycanla Naxçıvan arasında çatışmayan dəmir yolu hissəsinin bərpası təkcə Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya üçün strateji əhəmiyyət kəsb edir, çünki Şərqi Asiya ilə Avropa arasında quru əlaqəsini təmin edəcək.
"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Diplomat vurğulayıb ki, ticarət və enerji tədarükünü şaxələndirməyə imkan verəcək quru marşrutlarının inkişafı Şərqi Asiya və Avropa ölkələri üçün xüsusilə vacibdir.
"Asiya ilə Avropa arasında ticarətin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir, quru daşımalarının payı cüzi olsa da, artım potensialı var. Azərbaycan artıq infrastruktura, o cümlədən çatışmayan nəqliyyat xəttinin bərpa edilməli olduğu Naxçıvan infrastrukturuna da fəal şəkildə sərmayə qoyur. Cəmi 42 kilometr uzunluğunda olan bu hissə coğrafi baxımdan kiçik görünsə də, böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Çünki o, təkcə iki ölkə arasında deyil, həm də Şərqlə Qərbi birləşdirən marşrutlar arasında kəsinti olub", - səfir bildirib.
Onun sözlərinə görə, bu qısa, lakin strateji cəhətdən vacib olan hissənin bərpası Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən marşrutların tam işləməsi üçün zəruridir.
"Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri - Mərkəzi Asiya, Türkiyə, habelə Şərqi Asiya və Avropa üçün vacibdir. Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Zəngəzur dəhlizi ("Tramp Marşrutu" və ya TRIPP) layihəsini həyata keçirmək mümkün olacaq. Onun bərpası Asiya ilə Avropa arasında ticarətin inkişafı üçün yeni imkanlar açacaq və logistik zəncirlərdə mövcud boşluğu aradan qaldıracaq. Buna görə də ümid edirik ki, hər iki ölkə, xüsusilə Ermənistan və Azərbaycan bunun üzərində işləyəcək və əməkdaşlıq edəcək, çünki bu, hər kəsə fayda gətirəcək", - R.Horlemann vurğulayıb.
O hesab edir ki, Orta Dəhliz sülh prosesi üçün də böyük əhəmiyyətə malikdir, çünki söhbət Azərbaycanın Ermənistan vasitəsilə Türkiyə və Avropa İttifaqı ilə birləşməsindən gedir.
"Biz Azərbaycanın yollara, dəmir yollarına, limanlara və ümumilikdə ticarət üçün çox vacib olan infrastruktura yatırdığı bütün investisiyaları yüksək qiymətləndiririk. Bu, həm də Almaniya şirkətləri - istər ixracatçılar, istərsə də investorlar üçün artıq formalaşmış bu müsbət trendi dəstəkləmək üçün yaxşı fürsətdir", - R. Horlemann vurğulayıb.