İRİA 10-a yaxın Afrika ölkəsi ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

İKT
  • 04 dekabr, 2025
  • 11:18
İRİA 10-a yaxın Afrika ölkəsi ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olub. Təqdimatlar zamanı vətəndaşyönümlü rəqəmsal həllər olan "mygov" və "mygov ID", eləcə də rəqəmsal hökumət həlləri – Rəqəmsal Sənəd Dövriyyəsi və "digital.bridge" haqqında ətraflı məlumat verilib. Xüsusilə də "mygov" timsalında "bir pəncərə" prinsipi ilə işləyən "GovTech" məhsullar böyük marağa səbəb olub.

İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, Afrikanın bir sıra ölkələri Azərbaycanın rəqəmsal inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır və agentlik bu istiqamətdə sistematik olaraq təcrübə mübadiləsini həyata keçirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, digər ölkələrin Azərbaycanın rəqəmsal dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma siyasətinin keyfiyyət göstəricisidir.

Sözügedən görüşlər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilir və ölkələr arasında rəqəmsal körpülərin qurulması, əməkdaşlıq imkanlarının araşdırılması və texnoloji diplomatiyanın gücləndirilməsinə xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti