"Bakı Fond Birjası" Dünya Birjalar Federasiyasına tamhüquqlu üzv olub
- 22 oktyabr, 2025
- 17:56

"Bakı Fond Birjası" QSC (BFB) rəsmi olaraq Dünya Birjalar Federasiyasının (WFE) tamhüquqlu üzvü olub.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar Türkiyənin İstanbul şəhərində keçirilmiş WFE-nin 64-cü Baş Assambleyası və İllik Yığıncağı çərçivəsində verilib. Tədbirdə BFB dünya üzrə aparıcı birjalar, klirinq mərkəzləri və tənzimləyici qurumlarla birlikdə iştirak edib.
WFE-yə tamhüquqlu üzv olmaq BFB üçün şəffaflıq və qlobal inteqrasiya istiqamətində atdığı mühüm bir addımdır.
WFE-nin assosiasiya (affiliate) üzvü olan BFB bir müddət öncə tamhüquqlu üzvlük prosesinə start vermişdi. WFE-nin tələblərinə cavab vermək üçün BFB ticarət infrastrukturu, bazar nəzarəti və idarəetmə mexanizmlərinin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı daxili qiymətləndirmə işlərini aparıb.
Daha sonra WFE çoxmərhələli qiymətləndirmə həyata keçirib, BFB-nin sistemləri və əməliyyat fəaliyyəti dəyərləndirilib. Bu müddətdə BFB WFE-nin İnkişaf və Texniki Baxış (Development & Technical Review) komitəsi ilə aktiv şəkildə əməkdaşlıq edib, bazar transformasiyası strategiyasını, məlumat infrastruktur layihələrini və KASE Data Hub tərəfdaşlığı, eləcə də Data Warehouse layihəsi kimi regional təşəbbüslərini təqdim edib.
Bu geniş fəaliyyət və şəffaf əməkdaşlıq nəticəsində WFE üzvlərinin Baş Assambleyası BFB-nin tamhüquqlu üzvlüyünü təsdiqləyib. Tədbir zamanı BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov çıxış edərək bildirib: "Tamhüquqlu üzv olmaq təkcə nailiyyətimizin tanınması deyil, həm də yeni innovasiyalar və əməkdaşlıqlara açıq olmaq deməkdir. Azərbaycanı qlobal birja icmasında təmsil etməkdən və bazarımızın standartlarını daha da yüksəltməkdən qürur duyuruq".
WFE-yə tamhüquqlu üzvlük BFB-yə bir sıra strateji üstünlüklər qazandırır:
- Bazar fəaliyyəti və idarəetmədə beynəlxalq standart və ən yaxşı təcrübələrə çıxış
- Davamlı maliyyə, rəqəmsallaşma və bazar dayanıqlığı üzrə qlobal dialoqlarda iştirak
- Qlobal investorlar və maliyyə institutları arasında artan tanınma və etibarlılıq
- Aparıcı birjalarla bilik və təcrübə mübadiləsi imkanları
- Qlobal tendensiyalara uyğun yeni maliyyə alətləri və məhsulların tətbiqi potensialı
- İnvestor inamının güclənməsi və beynəlxalq bazar şəbəkələrinə inteqrasiya.
WFE birjalar və klirinq mərkəzlərini təmsil edən qlobal assosiasiyasıdır. Federasiya 250-dən çox bazar infrastrukturu təminatçısını, yəni dünyanın aparıcı fond, fyuçers və əmtəə birjalarını birləşdirir və ədalətli, şəffaf və səmərəli bazarların təşviqinə yönəlmiş fəaliyyət göstərir.