"Neftçi" İK-nın baş məşqçisi: "Ümidvaram ki, "Baku Fire" ilə matçda bəxt bizim tərəfimizdə olacaq"
- 03 dekabr, 2025
- 13:47
Futzal üzrə Azərbaycan Yüksək Liqasının IX turunda "Baku Fire" ilə qarşılaşacaq "Neftçi" İK-nın baş məşqçisi Fuad Rzayev bəxtin komandanın yanında olacağına ümid edir.
Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.
O, sabah baş tutacaq görüşlə bağlı danışıb:
"Rəhbərlik tərəfindən klub üçün lazımi şərait yaradılıb. Komanda hazırda zədəli futzalçılar yoxdur. Rəqibi tanıyırıq, həqiqətən də Azərbaycan çempionatına rəng qatırlar. Birinci dövrədə "Araz-Naxçıvan"dan və bizdən xal almaları onların gücünü göstərir. İlk dövrədəki oyundan fərqli "Baku Fire"yə qarşı bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq. "Araz-Naxçıvan"la xal fərqini qoruyub saxlamaq üçün tapşırıqları yerinə yetirməliyik. Rəqibin yerli futzalçılardan ibarət əzmkar komanda olduğunu bilirik. Bu gün həmin oyunçular Azərbaycan futzalına rəng qatırlar. "Neftçi" İK olaraq çətin rəqibə qalib gəlməyə çalışacağıq. Ümidvaram ki, bəxt də bizim tərəfimizdə olacaq".
Qeyd edək ki, "Baku Fire" - "Neftçi" matçı sabah "Olimpik Star"da, saat 13:00-da başlayacaq.
"Neftçi" İK hazırda 22 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü pillədə yer alan "Baku Fire"nin 17 xalı var.