Azərbaycan Xəzər regionunda mürəkkəb quyuların qazılması üçün ilk dəfə "MudLink" texnologiyasından istifadə edəcək

Energetika
  • 03 dekabr, 2025
  • 14:37
Azərbaycan Xəzər regionunda mürəkkəb quyuların qazılması üçün ilk dəfə MudLink texnologiyasından istifadə edəcək

"Enersol Energy Solutions" şirkətinin portfel şirkəti olan "Gordon Technologies" MMC ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün BƏƏ-də istehsal olunan "MudLink" texnologiyasını - qazma zamanı ölçmə (MWD) sistemlərini tədarük edib.

"Report" "Enersol"a istinadən xəbər verir ki, "Gordon" SOCAR ilə birlikdə Azərbaycanda sahə sınaqlarını uğurla keçirib, texniki məsələləri həll edib, konfiqurasiyaları optimallaşdırıb və real istismar şəraitində MWD sistemlərinin etibarlılığını və səmərəliliyini nümayiş etdirib.

"MudLink" platforması qazmanın səmərəliliyini artırmaq, əməliyyat xərclərini azaltmaq və mürəkkəb quyularla iş zamanı məlumatlar əsasında qərarların qəbulunu dəstəkləmək üçün nəzərdə tutulub. Bu hadisə "Enersol"un Azərbaycan bazarına çıxışıdır və BƏƏ-nin qabaqcıl enerji texnologiyalarını bütün dünyaya ixrac imkanlarının artdığını göstərir", - məlumatda deyilir.

Xəzər regionunda yeni MWD texnologiyalarının tətbiqi daha səmərəli qazma əməliyyatları üçün imkanlar açır, həmçinin regional milli neft şirkətləri ilə qlobal texnologiya innovatorları arasında əməkdaşlığın genişlənməsinə kömək edir.

"Enersol" "ADNOC Drilling Company" və "Alpha Dhabi Holding"in birgə müəssisəsidir. 2024-cü ildə "Enersol" "Gordon"dakı payını 67,2 %-ə qədər artıraraq şirkətin majoritar səhmdarına çevrilib. Qalan pay özəl investisiya şirkəti olan "Pelican Energy Partners"ə və təsisçi də daxil olmaqla "Gordon Technologies"in rəhbərliyinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti