Fransa klubunun azarkeşləri futbolçuları döyüblər

Futbol
  • 01 dekabr, 2025
  • 21:53
Fransa klubunun azarkeşləri futbolçuları döyüblər

Fransa Liqa 1 təmsilçisi "Nitsa"da gərginlik pik həddə çatıb.

"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, komandanın ardıcıl uğursuz nəticələri azarkeşlərin sərt etirazına səbəb olub.

Mənbənin yazdığına görə, "Loryan"a 1:3 hesabı ilə uduzduqdan sonra təxminən 400 nəfər azarkeş klubun bazasına toplaşaraq futbolçuları gözləyib. Onlar baş məşqçi Frank Ezanın istefasını tələb edən şüarlar səsləndiriblər.

Bir neçə radikal fanat hücuma keçərək komandanın hücumçusu Terem Moffiyə və yarımmüdafiəçi Ceremi Boqaya fiziki təzyiq göstərərək onları döyüblər. Hadisə zamanı klubun idman direktoru Florian Moris də zərər görüb, lakin təhlükəsizlik əməkdaşları onun ərazidən uzaqlaşdırılmasına nail olublar.

Klub prezidenti Fabriz Bokke həmin vaxt bazada olmayıb.

Qeyd edək ki, "Nitsa" cari mövsüm bütün turnirlərdə ardıcıl altı məğlubiyyət alıb. Komanda Fransa çempionatında 14 turdan sonra 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti