AK Litvaya qarşı "hibrid hücumlara" görə Belarusa sanksiyalar tətbiq edəcək

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 22:24
AK Litvaya qarşı hibrid hücumlara görə Belarusa sanksiyalar tətbiq edəcək

Avropa Komissiyası Litvaya yönəlmiş "hibrid hücumlar" səbəbindən Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Litva Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Minsk Litvanın hava məkanına meteozondlar göndərməkdə ittiham olunur.

Fon der Lyayen vurğulayıb ki, Litva ilə Belarus sərhədində vəziyyət pisləşir, çünki hava şarlarının Litvanın hava məkanına müdaxilələri artır: "Biz sanksiya rejimi çərçivəsində yeni tədbirlər hazırlayırıq".

Vilnüsün iddiasına görə, Belarusdan olan qaçaqmalçılar siqaretləri keçirmək üçün heliumla doldurulmuş meteozondlardan (hava şarlarından) istifadə edirlər. Son bir ayda bu hal kütləvi xarakter alıb: Oktyabrın 22-də Litva ərazisinə 200 şar daxil olub, bu gecə isə Litva səmasında 60-dan çox meteozond görünüb.

Vilnüs Beynəlxalq Aeroportu bir neçə dəfə fəaliyyətini dayandırıb.

Litva hökuməti isə qaçaqmalçıların meteozondlarına qarşı ən yaxşı müdafiə layihəsi üçün 1 milyon avro mükafat elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti