Kallas: Aİ ilə Qazaxıstan arasındakı münasibətlər yeni mərhələyə keçir

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 22:30
Kallas: Aİ ilə Qazaxıstan arasındakı münasibətlər yeni mərhələyə keçir
Kaya Kallas

Avropa İttifaqı–Qazaxıstan Əməkdaşlıq Şurasının yüksək səviyyədə keçirilən ilk iclası tərəflər arasındakı münasibətlərin artan əhəmiyyətini göstərir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayevlə birgə mətbuat açıqlamasında bildirib.

Kallasın sözlərinə görə, Avropa İttifaqı (Aİ) Qazaxıstanın əsas ticarət tərəfdaşı və əsas sərmayəçisidir.

O vurğulayıb: "Son 20 ildə Aİ Qazaxıstana 200 milyard avrodan çox birgə sərmayə yatırıb. Ötən il Qazaxıstanın ixracının 45,5 %-dən çoxu Aİ-nin payına düşüb. Qazaxıstan təşkilat üçün, xüsusilə enerji təhlükəsizliyi sahəsində vacib tərəfdaşdır".

Baş diplomat qeyd edib ki, Qazaxıstanın Aİ-yə ixracının 90 %-ni neft, qaz və uran təşkil edir: "Bu ölkə nadir torpaq elementləri də daxil olmaqla bir çox mühüm xammal resurslarına malikdir".

Bu ilin aprelində baş tutan Aİ–Mərkəzi Asiya sammitində elan olunan "Qlobal Şlüz" strategiyası çərçivəsində 12 milyard avro sərmayənin 5 milyardı Qazaxıstana, o cümlədən mühüm xammal resursları üzrə layihələrə yönəldilə bilər.

Aİ həmçinin Transxəzər nəqliyyat dəhlizinə böyük vəsait yatırır. Kallas deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə ticarət marşrutlarının şaxələndirilməsinin vacibliyini önə çəkdi. Bu ehtiyac müharibə bitdikdən sonra da qalacaq.

O əlavə edib: "Aİ-nin Qazaxıstanla tərəfdaşlığı, əlbəttə ki, enerji və kritik materiallardan daha çoxunu tələb edir. Sabah biz Avropa İttifaqı ilə Qazaxıstan arasında vizaların sadələşdirilməsi və readmissiya sazişi üzrə rəsmi danışıqlara başlayacağıq".

Bu razılaşmalar vizaların verilmə müddətini qısaldacaq, inzibati rüsumları azaldacaq və Qazaxıstan vətəndaşlarının Aİ-yə səfərlərini asanlaşdıracaq.

Son xəbərlər

Bütün Xəbər Lenti