Azərbaycan millisinin futbolçusu: "Fransa ilə ev oyununda möcüzə edə bilərik" - MÜSAHİBƏ

Futbol
  • 16 oktyabr, 2025
  • 14:00
Azərbaycan millisinin futbolçusu: Fransa ilə ev oyununda möcüzə edə bilərik - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov "Report"a müsahibə verib. Müdafiəçi yığmanın DÇ-2026-nın seçmə mərhələsində Fransa və Ukraynaya qarşı keçirdiyi son iki oyunu dəyərləndirib. O, sabiq baş məşqçi Fernandu Santuşun və hazırkı çalışdırıcı Ayxan Abbasovun fəaliyyətindən danışıb. Bədəlov ev oyununda İslandiya üzərində qələbəyə, Fransa ilə matçda isə möcüzəyə ümid edir.

- DÇ-2026-nın seçmə mərhələsində əvvəlcə Fransa, daha sonra Ukrayna ilə qarşılaşdınız. Bu görüşlər barədə nə deyə bilərsiniz?

- İki çətin rəqibə qarşı oynamışıq. Fransa və Ukrayna millilərinin gücü hər kəsə bəllidir. Çalışdıq ki, komanda şəklində yaxşı oyun sərgiləyək. Nəticə də qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Lakin rəqib komandanın futbolçularının keyfiyyəti başqa idi. Müdafiədə onların qarşısını lazımınca kəsə bilirdik. Lakin elə bir an yaranırdı ki, onlar topu götürüb, adi vəziyyətdə qol epizodu yaradırdılar. Bu da ustalıq səviyyəsindən xəbər verir. Bununla belə, öz oyunumuzda müsbət məqamların şahidi olduq. Növbəti matçlarda gücümüzü artırıb, nəticə qazanmağa çalışacağıq.

- İnsanlar yığmanın oyunlarında canlanma olduğunu söyləyirlər. Milli üzvü kimi bu fikirlərə münasibətiniz necədir?

- Hər kəs kimi ,öz oyunumuzda canlanmanın olduğunu biz də görürük. Təbii ki, bu bizə kifayət etmir. Yekunda nəticə əldə edib, xal qazanmalıyıq. Lakin nəzərə almaq lazımdır ki, yeni baş məşqçi ilə futbolçuların bir araya gəlməsi qısa müddət ərzində baş tutdu. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında 3 oyuna çıxmışıq. Daha uzun müddət bir arada olsaydıq, yaxşı nəticələrə ümid edərdik.

- İslandiyaya böyükhesablı məğlubiyyətdən sonra yığma daxilində nələr dəyişdi?

- İslandiya ilə oyundan sonra özümüzə inam qayıtdı. Məşqçilər korpusu bizə özümüzə inamı qaytardı. Dedilər ki, istəsək, yaxşı oynaya bilərik, nəticə qazanarıq. Sadəcə, özümüzə inanmalıyıq. İndi baş məşqçini daha yaxşı başa düşə bilirik, o da bizi yaxşı tanıyır. Bütün bunların müqabilində meydanda yaxşı oyun sərgilədik. İndi vəziyyət yaxşıya doğru dəyişib.

- Azərbaycan millisinin futbolçuları Fernandu Santuşun futbol fəlsəfəsindən razı idilər?

- Fernandu Santuşun dönəmində məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışırdıq. Səbəbini bilmirəm, amma bu bizdə alınmırdı. Əslində Fernandu Santuş zəif məşqçi deyildi. Bütün uğursuzluğu onun üzərinə yıxmaq istəmirik. Futbolçular da zəif çıxış edirdilər. Lakin onun futbol fəlsəfəsini komandaya çatdırmaq üçün nəsə çatmadı. Düşünürəm ki, əcnəbi məqşçilərlə çalışmaq bir o qədər asan deyil. İstənilən halda, bizim mentalitet başqadır.

- Ayxan Abbasov milli komandaya baş məşqçi təyin olunandan sonra hansı dəyişikliklər etdi?

- Ayxan Abbasovun gəlişindən sonra komandanın özünə inamı qayıtdı. O komandanı taktiki cəhətdən oyuna daha yaxşı hazırlayır. Futbolçuları da çox yaxşı başa düşür. Komanda yoldaşlarımızın hər biri ilə ayrı-ayrılıqda söhbət edir. Belə olan halda dirçəliş hiss olunur.

- Fernandu Santuşla Ayxan Abbasovun iş fəaliyyətini necə müqayisə edərdiniz?

- Onları fərqləndirmək çətindir. Fernandu Santuşla cəmi iki toplanışda bir yerdə olmuşam. Onu yaxşı tanımıram. Amma Ayxan Abbasovu çoxdan tanıyıram. Ona görə elə başa düşürəm ki, bizə və mentalitetimizə uyğun gələn yerli məşqçidir. Bir-birimizi daha yaxşı başa düşürük. Ayxan Abbasov elə baş məşqçidir ki, sərəncamındakı futbolçulardan necə istifadə etməli olduğunu çox yaxşı bilir. Premyer Liqada çıxış edən "Şamaxı"nı çalışdırır. Bu da o deməkdir ki, ölkə çempionatına da çox yaxşı bələddir.

- Qarşıda millimizi seçmə mərhələnin son iki ev oyunu gözləyir. İslandiya və Fransa ilə matçlardan gözləntiləriniz nədir?

- İslandiyaya qalib gələrək 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirik. İnanıram ki, bunu bacara bilərik. Sadəcə, özümüzə inanmalıyıq. Oyuna ciddi hazırlaşacağıq. Futbolçularda inam böyükdür. Fransa ilə matçda əlimizdən gələni edəcəyik, çalışacağıq, vuruşacağıq. Fransa ilə ev matçında möcüzə edə bilərik.

- Uğursuz nəticələrə görə azarkeşlər millinin oyunları zamanı stadionu tam doldurmurlar. Onları yenidən tribunalara qaytarmaq mümkün olacaq?

- Son iki ev oyunumuzda azarkeşləri stadionda görməkdən məmnun olarıq. İstəyirik ki, bizə dəstək olsunlar. Nəticə əldə etmək üçün onların dəstəyinə ehtiyacımız var. Hər bir azərbaycanlını son iki ev matçında bizə dəstək olmağa dəvət edirik.

- AFFA və Ayxan Abbasovla uzunmmüdətli razılıq əldə olunarsa, yığma Millətlər Liqasında D Liqasından C Liqasına yüksələ bilər?

- Ayxan Abbasovun rəhbərliyi altında bunu bacaracağımıza inanırıq. Əsas məqsədimiz C Liqasına yüksəlməkdir. Ayxan müəllim bizimlə bərabər olsa, bunu bacaracağımıza inanırıq. Baxmayaraq ki, hələ həmin oyunlara çox var. Lakin həmin tarixə qədər hər birimiz bir arada olsaq, bir-birimizi daha yaxşı başa düşərik.

Son xəbərlər

Bütün Xəbər Lenti