Federasiya rəsmisi: "Dünya çempionatında Azərbaycan karateçilərinin hər birindən medal gözləyirik"
- 27 noyabr, 2025
- 17:17
Misirin paytaxtı Qahirədə təşkil olunan dünya çempionatında Azərbaycan karateçilərinin hər birindən medal gözlənilir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov deyib.
Federasiya rəsmisi İrina Zaretskanın favorit olduğunu vurğulayıb:
"Misirdəki dünya çempionatında mübarizə aparacaq idmançılarımız il ərzində Premyer Liqada, MDB Oyunlarında, İslamiadada iştirak ediblər. Əlbəttə, favoritimiz yenə İrina Zaretskadır. Həm III MDB Oyunlarının, həm də VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Eyni zamanda iştirak etdiyi çempionatlarda da yüksək nəticələr qazanıb. Həmçinin Nuran Rzazadəni qeyd etmək istəyərdim. Digər idmançılarımızdan Mədinə Sadıqova, Turqut Həsənov və Roman Heydərovun da nəticələri qənaətbəxşdir. Hər birindən ən azı finala qədər irəliləmələrini gözləyirik. İdmançılarmız dünya çempionatında uğur qazana bilərlər. Düzdür, bəzən ən yaxşı formada olan idmançı uduza, sürprizlərlə qarşılaşa bilər. Amma il ərzində göstərdikləri nəticələrə əsasən bütün karateçilərdən medal gözləyirik".
Baş katib komandanın hazırlıq durumuna da toxunub:
"Asiman Qurbanlının dizində zədəsi var, ondan narahatıq. Amma yenə də nəticə gözlədiyimiz karateçilərdəndir. Hazırlığa gəlincə, təlim-məşq toplanışları təşkil etdik. Gənclər və İdman Nazirliyi də böyük dəstək göstərdi. Baş məşqçinin fikirlərini də öyrənmişəm. İdmançıların hazırlıq durumunun yetərincə yaxşı olduğunu hesab edir. Ümidvaram ki, dünya çempionatında yaxşı nəticələr qazanacağıq".
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 6 karateçi ilə təmsil olunur.