"TotalEnergies": Azərbaycanda "yaşıl enerji" sahəsində icazələrın alınmasında müəyyən çətinliklər var
- 25 sentyabr, 2025
- 13:06

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bərpa olunan enerji sahəsində icazələrın alınması üçün müəyyən çətinliklər var.
"Report" xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin Azərbaycandakı Bərpa olunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, şirkətin hazırda dünya miqyasında təxminən 28 giqavat bərpa olunan enerji aktivləri var: "Region ölkələrinə gəlincə, Qazaxıstanda əsasən günəş enerjisi ilə bağlı fəaliyyət göstəririk. Bundan başqa, Qazaxıstanda 1 giqavatlıq külək enerjisi layihəsi və Özbəkistanda təxminən 1 giqavatlıq günəş layihəsi inşa edirik. Hər il bərpa olunan enerji mənbələrinə təxminən 4 milyard ABŞ dolları sərmayə qoyuruq. Azərbaycanda isə bu ölkənin Energetika Nazirliyi ilə 250 meqavat gücündə külək enerjisi layihəsi və 250 meqavat gücündə günəş enerjisi layihəsi qurmaq üçün anlaşma memorandumu imzalamışıq. Külək enerjisi layihəsi üçün artıq təklif təqdim etmişik və növbəti mərhələdə bu sahənin inteqrasiya olunmasını və külək layihəmizi həyata keçirməyə başlamağı gözləyirik".
Bərpa olunan enerji ilə bağlı qanunvericilikdən danışan Ç.Orucov qeyd edib ki, hazırda Azərbaycanda bununla bağlı yeni qanunvericilik hazırlanır: "Ölkədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı ilə bağlı yeni qanun var. Yəni Azərbaycan bu istiqamətdə işlər görür və inkişaf var. Lakin hələ də bəzi çətinliklər mövcuddur, xüsusilə də bu, icazə prosesinə aiddir. Bu, dünyanın hər yerində olduğu kimi, kifayət qədər uzun bir prosesdir".
Şirkət rəsmisi düşünür ki, bu istiqamətdə bir pəncərəli həll kimi tək əlaqə nöqtəsinin olması yaxşı fikir ola bilərdi: "Hazırda bərpa olunan enerjinin müəyyən növləri, xüsusilə dənizdəki külək enerjisi üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac duyulur. Xəzər dənizi və logistika məsələləri ilə bağlı çətinliklər olduğuna görə bu istiqamət daha çox təşviq olunmalıdır. Qanunvericiliklə bu sahənin dəstəklənməsi çox faydalı olardı. Həmçinin bioqaz, geotermal kimi bərpa olunan enerjinin digər növləri də xüsusi diqqət tələb edir".