Tamam Bayatlı: "Qarabağ" layihəsi üçün əlavə ixrac və nəqliyyat sistemlərinin yaradılmasına ehtiyac qalmır"

Energetika
  • 07 noyabr, 2025
  • 16:58
Tamam Bayatlı: Qarabağ layihəsi üçün əlavə ixrac və nəqliyyat sistemlərinin yaradılmasına ehtiyac qalmır

"Qarabağ" neft yatağı layihəsi çərçivəsində infrastrukturun yenidən qurulmasına böyük investisiyalar tələb olunmayacaq.

"Report" xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Qarabağ" layihəsi üzrə seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsinə həsr olunan onlayn görüş zamanı bildirib.

Onun sözlərinə görə, "Qarabağ" müqavilə sahəsində işlər əsasən mövcud infrastrukturdan istifadə etməklə həyata keçiriləcək:

"Bu layihəyə qoşularkən o, tam şəkildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ixtiyarında idi, çünki müqavilə 2018-ci ildə imzalanmışdı. Həmin vaxt SOCAR-la yanaşı, başqa bir şirkət də iştirak edirdi, lakin daha sonra layihədən çıxdı. Biz layihəyə daxil olanda payın 100 %-i SOCAR-a məxsus idi. 2024-cü ildə biz 35 %-lik iştirak payı ilə bu layihəyə qoşulduq və eyni zamanda operator qismində fəaliyyətə başladıq. Qalan 65 % SOCAR-a məxsusdur".

T. Bayatlı qeyd edib ki, "Qarabağ" müqavilə sahəsi artıq kəşf edilmiş neft yatağını əhatə edir:

"Bu, əsasən neft yatağıdır, lakin burada qaz ehtiyatlarının da mövcudluğu ehtimal olunur. Müqavilə sahəsi Bakıdan təxminən 120 km, "Günəşli" yatağından isə cəmi 20 km məsafədə yerləşir. Bu yaxınlıq işlərin daha səmərəli aparılmasına imkan yaradır".

O əlavə edib ki, layihənin icrası zamanı iri infrastrukturun yenidən qurulmasına ehtiyac olmayacaq:

"Hasilat mövcud "Azəri-Çıraq-Günəşli" (AÇG) infrastrukturu ilə birləşdirilərək oradan Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinə ötürüləcək. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli həlldir. Əlavə ixrac və nəqliyyat sistemlərinin yaradılmasına ehtiyac qalmır. Yalnız mövcud sistemlərlə inteqrasiya üçün müəyyən texniki işlər görüləcək".

BP rəsmisi bildirib ki, "Qarabağ" layihəsinin əsas üstünlüklərindən biri onun coğrafi yaxınlığı və mövcud infrastrukturdan səmərəli istifadəsi ilə bağlıdır:

"Biz bu layihəni həm Azərbaycan, həm də tərəfdaş şirkətlər üçün sərfəli və dayanıqlı hesab edirik. Mövcud enerji infrastrukturu vasitəsilə hasilatın qısa zamanda və daha az xərc hesabına başlanacağı gözlənilir".

Qeyd edək ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. "Qarabağ" yatağı, Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti