Səməd Bəşirli: "Yaşıl enerji" Almaniya-Azərbaycan əməkdaşlığı üçün yeni üfüqlər açır
- 17 sentyabr, 2025
- 15:07

Almaniyanın təcrübəsi və Azərbaycanın potensialı bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün yeni üfüqlər açır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "yaşıl enerji"yə keçidə həsr olunmuş Almaniya-Azərbaycan tədbirində bildirib.
Nazir müavini Azərbaycan və Almaniya arasında ikitərəfli ticarət, investisiyalar və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb:
"Almaniyanın bərpa olunan enerji mənbələri sahəsində təcrübəsi və Azərbaycanın külək və günəş enerjisi sahəsində böyük potensialı davamlı gələcəyin birgə qurulması üçün unikal imkanlar yaradır", - S.Bəşirli qeyd edib.
Öz növbəsində, Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin rəhbəri Ralf Beme iki ölkə arasında tərəfdaşlığın möhkəm iqtisadi və strateji xarakterini qeyd edib. O, Orta Dəhlizin Avropa və Asiya üçün əhəmiyyətini, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu, həmçinin ölkənin 2030-cu ilə qədər bərpa olunan enerji sahəsində hədəf göstəricilərini və Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını vurğulayıb.
"Belə bir vaxtda Almaniya və Azərbaycanın da malik olduğu etibarlı tərəfdaşlıqlar xüsusilə vacibdir. İkitərəfli əməkdaşlığımızın inkişaf etdiyini görmək xoşdur. Bu pozitiv və konstruktiv dialoq Bakıya gəlişimin səbəblərindən biridir", - R.Beme qeyd edib.
Bundan başqa, tərəflər Almaniya və Azərbaycan arasında "yaşıl enerji" sahəsində gələcək əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər.