Yevgeni Kukseviç: "Azərbaycanın futzal millisi göstərdiyi oyunla zəif olmadığını sübut etdi"

Futbol
  • 04 noyabr, 2025
  • 22:34
Yevgeni Kukseviç: Azərbaycanın futzal millisi göstərdiyi oyunla zəif olmadığını sübut etdi

Azərbaycanın futzal millisi göstərdiyi oyunla zəif olmadığını sübut edib.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç VI İslam Həmrəyliyi Oyunlarında Liviyaya qarşı keçirilən matçdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə deyib.

"İlk növbədə komanda üzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu, əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini göstərdi və zəif olmadığımızı sübut etdik", – deyə Kukseviç bildirib.

Mütəxəssis komandanın çıxışından razı qaldığını da əlavə edib:

"Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, futzalçıların istəyi, gözlərindəki alov sayəsində qələbə qazandıq. Bu cür istəkli, əzmkar olmaq vacibdir".

Kukseviç azarkeşlərin dəstəyinin vacibliyini xüsusi vurğulayıb:

"Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən insanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Bu, futzalçılara əlavə güc və həvəs verirdi".

Baş məşqçi sonda komandanın inamla irəlilədiyini söyləyib:

"Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Bəzən bunu sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik".

Qeyd edək ki, Azərbaycan futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında bu gün Liviyanı 5:4 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti