Nazir: "Xəzərdə KES-lərin inkişafını qiymətləndirmək üçün işlər aparılır"
- 30 sentyabr, 2025
- 10:24

Hazırda Xəzər dənizində külək elektrik stansiyalarının inkişafını qiymətləndirmək üçün ölçmə və monitorinq fəaliyyətləri aparılır və bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq həyata keçirilir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikincü günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2032-ci ilə qədər mərhələli plan çərçivəsində 6 GVt quruda və dənizdə külək enerjisi gücünü istismara verməyi planlaşdırılır: "Bunun 4 GVt-i isə "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi vasitəsilə ixrac olunacaq ki, bu da təxminən 4,5 milyon ton istixana qazı emissiyasının azaldılmasına bərabərdir".
Nazir əlavə edib ki, hazırda Transxəzər Yaşıl Enerji Dəhlizinin, həmçinin Azərbaycanın Naxçıvan bölgəsi və Ermənistan ərazisindən keçən "Azərbaycan-Türkiyə-Avropa" yaşıl enerji dəhlizinin, eləcə də "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" dəhlizinin reallaşdırılması əsas prioritetlər arasında qalır: "Bu miqyaslı layihələr regional şəbəkələrin balanslaşdırılmasına, bərpa olunan enerjinin payının artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, emissiyaların azaldılmasına və Azərbaycanın geniş bir region üzrə iqlim fəaliyyətinə töhfə verən ölkə kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək. Sıfır emissiyalı gələcək üçün digər əsas enerji mənbəyi hidrogendir".
P. Şahbazov həmçinin qeyd edib ki, Azərbaycan hidrogenin istehsalı, istehlakı və ixracını əhatə edən Milli Strateji Baxışın həyata keçirilməsi üçün Fəaliyyət Planı hazırlayır: "Azərbaycan yaşıl enerji keçidi yoluna sadiq qalır və bu istiqamətdə ardıcıl addımlar atır".