Florian Kitt: "Elektrik enerjisinin ixracı üçün Azərbaycana yeni bazarlar lazımdır"
- 25 sentyabr, 2025
- 10:49

Hazırda Azərbaycanın elektrik enerjisi bazarında təklif artıqlığı müşahidə olunur, bu, sektorun inkişafı üçün maneələrdən biridir.
"Report" xəbər verir ki, bunu Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
"Sizin (Azərbaycanın - red.) artıq çoxlu sayda mövcud generasiya gücləriniz var. Buna görə də bərpa olunan enerji mənbələri hesabına yeni stansiyalar tikmək üçün yeni istehlak mərkəzləri tapmaq lazımdır. Azərbaycan bu yaxınlarda çox böyük yeni qaz elektrik stansiyasını istifadəyə verib. Ona görə də düşünürəm ki, əsas məsələ elektrik enerjisinin ixracı üçün bazarlar tapmaqdır", - F.Kitt bildirib.
Onun sözlərinə görə, elektrik enerjisinin Avropa ölkələrinə ixracını təmin etmək üçün sahənin tənzimləmə sistemi Avropa İttifaqının tələbləri ilə uyğunlaşdırılmalıdır.
"Hökumətin bu barədə ciddi düşünməsi və tərəfdaşlarla, o cümlədən Beynəlxalq Enerji Agentliyi ilə bu məsələlərin həlli yollarını müzakirə etməsi təqdirəlayiqdir", - ekspert qeyd edib.