Dünya Bankı: Azərbaycanın neft və qaz asılılığından uzaqlaşma strategiyası irəliyə doğru ciddi addımdır

Energetika
  • 25 sentyabr, 2025
  • 10:47
Dünya Bankı: Azərbaycanın neft və qaz asılılığından uzaqlaşma strategiyası irəliyə doğru ciddi addımdır

Azərbaycan həyata keçirdiyi islahatlarla çox düzgün istiqamətdə irəliləyir və bazarlardan (xüsusilə elektroenergetika sahəsində - ötürülmə, paylanma və istehsalda) daha səmərəli istifadə yollarını axtarır.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu yanaşma çox vacibdir, çünki Avropa İttifaqına qoşulmaq üçün zəruri şərtdir.

F.Kitt Azərbaycan hökumətinin bərpa olunan enerji istiqamətinə doğru kəskin dönüşünü və ölkənin tamamilə yeni baxışını vurğulayıb.

"Milli iqtisadiyyatın 80 %-dən çoxunu təşkil edən ənənəvi neft-qaz sektorundan Azərbaycanın sərəncamında olan digər resurslardan istifadəyə keçid. Birincisi, bu, həm quruda, həm də dənizdə külək, ikincisi, günəş enerjisidir (fotoelektrik panellər). Hər iki istiqamətdə artıq kifayət qədər sürətli dəyişikliklər müşahidə edirik: ölkədə günəş elektrik stansiyaları fəaliyyət göstərir, şəbəkəyə enerji ötürən külək parkı var. Hökumət öz baxışını genişləndirərək əsas ixrac məhsullarının əvəz edilməsi, yəni ənənəvi enerji mənbələrinin ixracından bərpa olunan enerji mənbələrinin ixracına keçid imkanları haqqında düşünür", - F.Kitt bildirib.

Onun sözlərinə görə, Dünya Bankı bu prosesi tam dəstəkləyir və Azərbaycanla, eləcə də Gürcüstan və Türkiyə ilə fəal danışıqlar apararaq bu ölkələrin Avropa ixrac bazarlarına necə çıxa biləcəyini anlamağa çalışır.

"Hesab edirəm ki, yeni sosial-iqtisadi inkişaf strategiyası həqiqətən də irəliyə doğru ciddi addımdır. Biz həmçinin vurğulamaq istəyirik ki, son vaxtlar hökumət ölkənin yerin altında da əlavə resurslarının olduğunu və neft-qaz sahəsindəki təcrübəsini burada tətbiq edə biləcəyini başa düşür. Söhbət isti sulardan - geotermal enerjidən gedir. Bu, həm birbaşa (kənd təsərrüfatında, kurortlar üçün), həm də elektrik enerjisinin istehsalında istifadə edilə bilər", - baş mütəxəssis əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti