Dünya Bankı Azərbaycana enerji şəbəkəsi və generasiya planlaşdırmasını razılaşdırmağı tövsiyə edir
- 25 sentyabr, 2025
- 10:53

Azərbaycan enerji şəbəkəsinin planlaşdırılmasını generasiya planlaşdırması ilə əlaqələndirməlidir.
"Report" xəbər verir ki, bunu Dünya Bankı Qrupunun enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi - 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə deyib.
"Bundan sonra elektrik enerjisi sektorunun bölünməsi (unbundling) prosesi ilə daha sürətlə irəliləmək üçün generasiya dəyəri, ötürmə dəyəri və bu enerjinin mümkün satış bazarları ilə bağlı çox ətraflı araşdırmalar və hesablamalar aparılmalıdır", - F.Kitt bildirib.
O qeyd edib ki, bu, özəl sektorun ölkəyə investisiya qoyması üçün stimul yaradacaq və iri dövlət şirkətləri ilə yeni oyunçular arasında şərtlərin tarazlaşdırılmasını tələb edəcək.
Baş mütəxəssisin sözlərinə görə, özəl sektorun ölkəyə investisiya imkanlarını daha böyük maraqla nəzərdən keçirməsi üçün şərait yaratmaq vacibdir.
"Biz ölkədə ilk bərpa olunan enerji hərracının nəticələrindən böyük məmnunluq müşahidə etdik. Hesab edirik ki, hökumətin qiymətlərin azalması potensialından tam şəkildə istifadə və həqiqətən də ən yaxşı təkliflər və ən əlverişli tariflər əldə edə bilməsi üçün bu istiqaməti genişləndirmək və dərinləşdirmək lazımdır", - F.Kitt əlavə edib.