Azərbaycan və Gürcüstan Qara dəniz "yaşıl enerji dəhlizi" layihəsi üzrə görüş keçirəcəklər
- 26 sentyabr, 2025
- 11:19

Azərbaycan və Gürcüstan növbəti həftə Azərbaycandan Avropaya "yaşıl enerji"nin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı kabelinin çəkilişi ("Black Sea Energy") layihəsini müzakirə etmək üçün işçi görüşü keçirəcəklər.
"Report"un məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirliyinin nümayəndəsi Omar Tsereteli Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində Gürcüstan Azərbaycanla birgə "Black Sea Energy" layihəsini həyata keçirir. Bu layihə çərçivəsində tərəflər Rumıniyaya və Avropaya boru kəmərləri və ya dəniz marşrutları vasitəsilə "yaşıl hidrogen"in tədarükü, tranziti və ixracı üçün nə etmək lazım olduğunu qiymətləndirirlər. Həmçinin ölkələr potensial və mümkün ixrac marşrutlarını müəyyən etməkdə davam edirlər.
"Bir həftə əvvəl işçi qrupu formatında görüşümüz oldu, növbəti həftə isə daha bir görüş keçiriləcək. Ümid edirik ki, belə addımlar və tədbirlər yaxın zamanda səmərəli nəticə verəcək", - o bildirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Black Sea Energy" sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları "Black Sea Energy"nin reallaşdırılması çərçivəsində birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. 2023-cü ilin iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib.
"Black Sea Energy" Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan "yaşıl enerji"nin Gürcüstana, daha sonra Qara dənizin dibi ilə çəkilən kabellə Avropaya çatdırılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə ildə 4 QVt "yaşıl enerji"nin ixracı planlaşdırılır.
Obyektin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.