Azərbaycan iqtisadiyyatının yetkinlik testi - ANALİTİKA

Biznes
  • 26 sentyabr, 2025
  • 13:37
Azərbaycan iqtisadiyyatının yetkinlik testi - ANALİTİKA

Azərbaycan onilliklər boyu əsasən neft və qazın hasilatı və ixracı ilə assosiasiya olunub, bu isə böyük dərəcədə onun iqtisadi modelini və beynəlxalq mövqeyini müəyyənləşdirib. Amma qlobal iqtisadiyyatın dəyişən reallıqları, enerji keçidi və yeni kapital mənbələri uğrunda rəqabət ölkəni fərqli istiqamətə yönəldir. Bu fonda Bakıda keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) sırf layihələrin təqdimatı ilə məhdudlaşmadı – o, həm də ölkənin yeni iqtisadi fəlsəfəsinin nümayişi oldu. Forum göstərdi ki, Azərbaycan artıq yalnız neft və qazla deyil, bərpa olunan enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və rəqəmsal iqtisadiyyat kimi çoxşaxəli sahələrlə investorların diqqətinə çıxış edir. Başqa sözlə, söhbət sadəcə sərmayə axtarışından deyil, uzunmüddətli və dayanıqlı tərəfdaşlığa dəvətdən gedir.

Bir sözlə, Azərbaycan xammal ixrac edən ölkələrin nadir hallarda bacardığını həyata keçirdi: investisiya forumunu yalnız neftdən deyil, həm də neftdənkənar iqtisadiyyatın necə qurulduğundan danışmaq üçün meydançaya çevirə bildi.

İki gün davam edən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iqtisadiyyatın arxitekturasının necə dəyişdiyini nümayiş etdirdi - bərpa olunan enerji sahəsindəki meqalayihələrdən ölkəni yeni ticarət və rəqəmsal zəncirlərə inteqrasiya etmək cəhdlərinə qədər.

AIIF-ə qısa baxış

AIIF 2025 göstərdi ki, Azərbaycan investorların diqqətinə çoxşaxəli istiqamətlər təqdim etməyə hazırdır. Mövzular o qədər geniş idi ki ("yaşıl energetika"dan tutmuş kreativ sənayelərə qədər), onların hamısını sadalamaq üçün bir məqalə kifayət etməzdi. Buna görə də yeni inkişaf məntiqini ən maraqlı nümunələr üzərindən göstərmək daha doğru olar.

Neft-qaz sektoru. Energetika naziri Pərviz Şahbazov xatırlatdı ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə artıq 540 milyon ton neft ixrac olunub. Amma əsas mesaj başqa idi: "karbohidrogenlər enerji keçidini maliyyələşməsi üçün "zəmanət" rolunu oynayır". SOCAR paralel olaraq dənizdə külək energetikasına, hətta geotermal energetikaya dair planlarını açıqladı.

Yaşıl enerji. Bu sahə son dövrlərdə mərkəzi xəttə çevrilib. Forumda "Masdar", "ACWA Power", BP kimi nəhənglər çıxış etdilər. "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə rəhbəri Səlim Güvən qeyd etdi: "Azərbaycanın bərpa olunan enerji üzrə resurs potensialı daxili tələbatı xeyli üstələyir." 2030-cu ilə qədər bərpa olunan mənbələrin payı ümumi enerji balansında 38 %-ə çatacaq.

Nəqliyyat və logistika. Dünya Bankının proqnozuna görə, 2040-cı ilə qədər Orta Dəhliz vasitəsilə ticarət 150 % artacaq. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 2027-ci ilə qədər Ələt Azad İqtisadi Zonasında yeni yük aeroportunun istifadəyə veriləcəyini açıqladı. Bu isə Azərbaycanın tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Kənd təsərrüfatı ənənəvi sahə olmaqdan çıxaraq yüksək əlavə dəyər yaradan klasterlərə çevrilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirdi ki, bu il meyvə ixracı 40 %-dən çox artıb. Sektor isə müxtəlif vergi güzəştləri, texnika idxalında gömrük azadolmaları və ixrac stimulları üzrə dəstəyi almağa davam edəcək.

Qarabağ və Şərqi Zəngəzur regionu unikal "təmiz səhifə"dir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərinə görə, artıq bölgənin 12 şəhərinin baş planı hazırdır, üç hava limanı və 4 000 km-dən çox yol tikilib. Burada "yaşıl enerji zona"ları və sənaye parkları salınır ki, bu da regionu yeni urbanizasiyanın laboratoriyasına çevirir.

Sənaye layihələri isə artıq qısamüddətli deyil, uzunmüddətli artım mənbəyinə çevrilir. Bu, daha mürəkkəb iqtisadiyyatın qurulmasına aparan addımdır – dəyər təkcə tikinti mərhələsində deyil, həm də xidmətlərdə, ixracda və qlobal zəncirlərə inteqrasiyada formalaşır.

Turizm və səhiyyə istiqamətləri ümumi mənzərəni bu tamamlayır. "Sea Breeze" layihəsi IHG, "Radisson" və "Accor" kimi beynəlxalq hotel şəbəkələri ilə birgə ölkəni dünya "wellness" və tibbi turizm xəritəsinə çıxarır.

Neftdən sonrakı Azərbaycan: müzakirənin yeni çərçivəsi

Adətən neft ölkələri diversifikasiya barədə ritorika ilə kifayətlənirlər, konkret addımlara isə nadir hallarda gedirlər. Bakıda isə söhbət kənd təsərrüfatından, nəqliyyat layihələrindən, "yaşıl dəhlizlərdən" və data-mərkəzlərdən getdi. Ümumi dəyəri 10 milyard ABŞ dollarını aşan müqavilələr imzalandı, bunun 7 milyardı isə qeyri-neft sektorunun payına düşür. Bu rəqəm ölkəyə illik cəlb olunan birbaşa xarici investisiyaların həcmini üstələyir. Forum açıq mesaj verdi: neft Azərbaycan üçün artıq strategiya yox, sığortadır. Əsl fokus isə yeni sənayelərə və artım vektorlarına verilir.

İnstitusional baxış burada aydındır: Azərbaycan "etimadın üç dayağını" möhkəmləndirməyə çalışır - makrodayanıqlıq, infrastruktur bağlılığı və "oyun qaydalarının" proqnozlaşdırıla bilməsi. Bəli, risklər qalır - qlobal təchizat zəncirlərindən tutmuş regionda kapital uğrunda rəqabətə qədər - və bunları heç kim gizlətmir. Amma Bakı artıq investorlarla onların dilində danışır. Abstrakt niyyətlər yox, konkret rəqəmlər, şərtlər, öhdəliklər, layihə "roadshow"ları, "yaşıl enerji" üçün dövlət-özəl tərəfdaşlıq (PPP), "off-take" müqavilələri, dövlət şirkətləri üçün institusional KPI-lar və sair.

"Fərqləndirici xüsusiyyətlərdən biri də budur ki, ölkəmiz təkcə yerli və ya xarici investorları Azərbaycanda biznes qurmağa dəvət etmir, eyni zamanda risklərin bölüşdürülməsinə də hazırdır", – iqtisadiyyat naziri Mikayıl Cabbarov

Və bu yanaşma Forumun dönüş nöqtəsi kimi qələmə verilə bilər. Azərbaycan "sürətli" investisiyaların bazarı obrazından imtina edib. Ölkə özünü uzunmüddətli kapitalın yeni mərkəzi kimi təqdim edir – burada xammaldan gələn gəlirlər diversifikasiya üçün zəmanət rolunu oynayır, risklər isə dövlətlə qlobal institutlar arasında bölüşdürülür.

Həlledici rolu isə makroiqtisadi sabitliklə iqtisadiyyatın özündəki struktur dəyişikliklərin birləşməsi oynayır.

Etimadın dayaqları: makrodayanıqlıq və institutlar

Son yeddi ildə Azərbaycan qlobal göstəricilərdə ciddi sıçrayış edib. Forumun strateji tərəfdaşı - "The European House - Ambrosetti" mərkəzinin hazırladığı "Qlobal Cəlbedicilik İndeksi 2025"də ölkə ayrı-ayrı altindekslər üzrə irəliləyiş nümayiş etdirib: dinamiklik üzrə 110 pillə, dayanıqlıq üzrə 18 pillə, gələcəyə hazırlıq üzrə isə 13 pillə. Bu gün Azərbaycan məhz bu üç parametr üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında birincidir. İnvestorlar üçün bu onu göstərir ki, ölkə artımı elə sahələrdə sürətləndirib ki, burada gəlirlilik birbaşa layihələrin dayanıqlığı və xarici şoklara davamlılıqla bağlıdır.

Siyasi sabitlik, möhkəm makroiqtisadi mühit, ÜDM-in cəmi 20 %-i səviyyəsində aşağı dövlət borcu və 60 milyard dollardan artıq aktivləri olan Dövlət Neft Fondu Azərbaycana ölkə riskləri üzrə əlavə ödənişləri (Country Risk Premium) azaltmaq imkanı verir. Bu isə uzunmüddətli investisiyalar üçün geniş meydan açır. Nəticədə söhbət artıq təkcə birdəfəlik tikinti kontraktlarından deyil, onilliklər boyu gəlir ekosistemi formalaşdıran layihələrdən gedir.

İnfrastruktur: ekosistem gəlirlərinin katalizatoru

İnvestorların diqqəti getdikcə elə layihələrə yönəlir ki, onlar yalnız tikintinin başa çatdığı an deyil, həm də uzunmüddətli istismar dövründə dəyər yaradır - xidmətlərdən və texniki dəstəkdən tutmuş beynəlxalq bazarlara inteqrasiyaya qədər.

Əgər EPC-layihələr (Engineering–Procurement–Construction) gəlirliliyi sərt müqavilə və vaxt çərçivəsi ilə məhdudlaşdırırsa, şərti olaraq "yığım -servis-inteqrasiya" modeli bir neçə əlavə qazanc səviyyəsi açır.

Birincisi, komponent və avadanlıqların istehsalının lokallaşdırılması iş yerləri yaradır və vergi bazasını genişləndirir.

İkincisi, servis komponenti obyekt istifadəyə veriləndən sonra sabit pul axınları formalaşdırır - istər enerji stansiyalarının, istər İT-infrastrukturun, istərsə də aqrar emal komplekslərinin xidmətində.

Üçüncüsü, inteqrasiya beynəlxalq əlavə dəyər zəncirlərinə çıxış imkanı yaradır - metalların, şüşənin ixracından tutmuş regional logistika dəhlizlərində iştiraka qədər.

Ənənəvi "açar-təslim" EPC-müqavilələrindən fərqli olaraq, belə modellərin gəlirliliyi xeyli yüksək olur və multiplikativ effekt yaradır.

Əhalinin rifah artımı bu effekti daha da gücləndirir. 2000-ci ildən bəri adambaşına düşən ümumi milli gəlir (ÜMG) demək olar ki, yeddi dəfə artıb – halbuki qlobal orta göstərici 2,8 dəfə olub. Bu dinamika mənzil, səhiyyə, turizm, rəqəmsal xidmətlər kimi təkrar ödəniş modelinə əsaslanan sahələrdə dayanıqlı tələbat bazası yaradır.

İxracın mürəkkəbləşməsi də siqnaldır. Bəli, neft və qaz hələ də dominantdır, amma son illər məhz qeyri-xammal malları və "hi-tech" məhsullar ən yüksək dinamikanı göstərir. Bu isə o deməkdir ki, inteqrasiya və servis sahəsindəki layihələrin qlobal əlavə dəyər zəncirlərinə qoşulmaq şansı daha böyükdür, yəni onların potensial gəlirliliyi də daha yüksəkdir.

"Orta Dəhliz sürətlə Şərqi Asiyanı Avropa ilə birləşdirən əsas multimodal ticarət arteriyasına çevrilir. Qiymətləndirmələrimizə görə, 2040-cı ilə qədər dəhliz iqtisadiyyatlarında ticarətin həcmi 150 % artacaq", - Roland Prays, Dünya Bankının regional direktoru

Bu o deməkdir ki, yeni infrastruktur dəhlizləri Azərbaycanın iqtisadi xəritəsini də dəyişəcək. Orta Dəhliz, Qara dəniz "yaşıl kabeli", Ələt Azad İqtisadi Zonası artıq yalnız tikinti hədəfi deyil, servis yönümlü biznes modellərinin təməlidir: logistika, elektron ticarət, data-mərkəzlər, aqrar emal. İnvestor üçün bu, mühüm siqnaldır - infrastruktur ekosistem gəlirlərinin katalizatoruna çevrilir.

Ümumi mənzərəni institusional amil tamamlayır. Sənaye zonalarının rezidentləri üçün vergi və gömrük güzəştləri, biznesə verilən müxtəlif stimullar, beynəlxalq institutlarla yaradılan birgə fondlar, ixrac agentlikləri və islam maliyyə təşkilatlarının iştirakı kapitalın dəyərini azaldır və riskləri bölüşdürür. Nəticədə uzunömürlü layihələr - su təsərrüfatında dövlət-özəl tərəfdaşlığı layihələrindən tutmuş urbanistik inkişaflara və sənaye parklarına qədər - daha çox qazanır.

Bütün bu amillər investor üçün aydın mesaj yaradır: Azərbaycan artıq "birdəfəlik" EPC-müqavilələrin bazarı deyil. Ölkə özünü elə bir məkana çevirir ki, burada dəyər təkcə tikinti anında yox, illərlə istismar, servis və qlobal bazarlara inteqrasiya üzərindən formalaşır. Məhz buna görə də belə layihələrin multiplikatorları ənənəvi xammal məntiqindən daha sürətlə böyüyəcək.

Forum çərçivəsində imzalanan kontraktlar bu yeni yanaşmanın bariz göstəricisidir. Məsələn, "ACWA Power" ilə 400 milyon ABŞ dollarından artıq dəyəri olan dəniz suyunun duzsuzlaşdırılması zavodu üzrə saziş. Layihə dövlət–özəl tərəfdaşlığı əsasında reallaşdırılır. Burada diqqət yalnız tikinti mərhələsində deyil – obyektin uzunmüddətli istismarı və su satışına dair xidmət müqavilələri də ön plandadır. Layihə ölkənin su təhlükəsizliyi sisteminə inteqrasiya olunub ki, bu da sabit tələbat və müntəzəm pul axını deməkdir.

Başqa bir nümunə – "Modon Holding" ilə Böyükşor gölü ətrafında həyata keçiriləcək "City within a City" layihəsi (5 milyard ABŞ dolları dəyərində). Burada yaşayış binaları ilə yanaşı, bütöv bir ekosistem – xidmətlər, kommersiya obyektləri, infrastruktur qurulur. Təkrar gəlir məhz icarə, daşınmaz əmlakın idarə edilməsi, xidmətlər və digər alətlər hesabına formalaşır. Bu tip layihələr artıq "portfel yanaşması" ilə, uzun ömürlü investisiya məntiqi ilə işləyir.

Səbəb aydındır: iqtisadiyyat getdikcə xammal modelindən uzaqlaşaraq daha mürəkkəb formata keçir - burada dəyər yalnız tikinti və ya hasilat mərhələsində deyil, sonrakı əməliyyatların bütün zənciri boyunca yaranır.

Məhz buna görə də Azərbaycanda gələcəyin multiplikatorları birdəfəlik tikinti kontraktları ətrafında deyil, təkrar gəlir yaradan və qlobal bazarlara inteqrasiya olunan sahələrdə formalaşacaq.

"Uzunmüddətli oyuna" dəvət

"Azərbaycan – investisiya üçün ən yaxşı ölkədir. Burada strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası biznes və uzunmüddətli tərəfdaşlıq üçün unikal şərait yaradır", - İsmayıl Erşahin, Ümumdünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) icraçı direktoru

Nəticə etibarilə, AIIF 2025 layihələrlə yanaşı ölkənin yetkinliyini nümayiş etdirdi. Azərbaycan göstərdi ki, neft gəlirlərindən taleyə yazılmış asılılıq kimi yox, zəmanət kimi istifadə edə bilir və investorlar üçün risklərin bölüşdürüldüyü, imkanların isə genişləndirildiyi portfel strategiyası təklif edir.

Beynəlxalq maliyyə institutları üçün bu – ritorika yox, rəqəmlər, müqavilələr və öhdəliklər dilidir. Özəl kapital üçün isə – "uzun oyuna" dəvətdir. Burada neft sadəcə sığorta rolunu oynayır, əsas inkişaf hekayələri isə artıq onun hüdudlarından kənarda yazılır.

Azad Həsənli, analitik

Son xəbərlər

Bütün Xəbər Lenti