Gürcüstan və Türkiyə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir

Region
  • 26 sentyabr, 2025
  • 13:25
Gürcüstan və Türkiyə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Türkiyəyə səfəri çərçivəsində ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

Bu barədə "Report"un Gürcüstan bürosuna ölkənin Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, İstanbulda keçirilən görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi müzakirə olunub.

Tərəflər mədəni irsin mühafizəsi, incəsənət, elmi-tədqiqat istiqamətləri və mədəni turizmin təşviqi sahələrində birgə layihələri dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Nazir Tinatin Ruxadze Ankarada açılacaq Gürcüstan Mədəniyyət Günlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Bu tədbir ölkələrimiz arasındakı dostluğun bariz ifadəsidir. Biz gələn il Gürcüstanda Türk Mədəniyyəti Günlərini keçirməyə hazır olduğumuzu bildiririk".

O, həmçinin türkiyəli həmkarını bu tədbirlər çərçivəsində Gürcüstana səfərə dəvət edib.

Razılaşmaya əsasən, gələcək layihələrin icrası üçün cari ilin noyabr-dekabr aylarında Tbilisidə həm onlayn, həm də yerində işçi qrupların görüşləri nəzərdə tutulur.

Məlumatı Gürcüstan Mədəniyyət Nazirliyinin mətbuat xidməti yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti