Andrea Meola: "Gələcəkdə bərpa olunan enerjiyə investisiyalar Asiya ölkələrinə qoyulacaq"
- 25 sentyabr, 2025
- 10:26

Gələcəkdə bərpa olunan enerji mənbələri ilə bağlı investisiyalar əsasən Asiya ölkələrinə qoyulacaq.
"Report" xəbər verir ki, bunu İtaliyanın "CESI Consulting" şirkətinin Qlobal Bazarlar və Biznesin İnkişafı üzrə direktoru Andrea Meola Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda İtaliyanın enerji resurslarına olan illik tələbatının 40 %-i bərpa olunan enerji sahəsinin payına düşür: "İlin bəzi günlərində tələbatın 100 %-i bərpa olunan enerji ilə təmin olunur. İtaliyada quraşdırılmış 70 giqavat enerjinin 40 giqavatı günəş enerjisinin payına düşür. Beləliklə, İtaliya ənənəvi enerji istehsalından bərpa olunan enerji istehsalına çox sürətli keçidi təmin edib. İtaliya sadəcə bir nümunədir, lakin mövcud enerji sistemlərində bu səviyyədən daha da irəli gedən bir çox başqa ölkələr var".
Qonaq qeyd edib ki, bərpa olunan enerji istehsalı ilə məşğul olan ölkələr bütün şərtləri, vəziyyətləri nəzərə almalıdır: "Buraya sərhəd şərtləri, digər ölkələrlə əlaqələrin səviyyəsi, ənənəvi istehsalın növü daxildir. Ölkələr hər hansı hadisə zamanı nə qədər tez hərəkət edib-etməyəcəyini də başa düşməlidir. Bu məqamda qeyd etmək istərdim ki, qlobal miqyasda bərpa olunan enerji sahəsinə ildə təxminən 300 milyard ABŞ dolları maliyyə vəsaiti xərclənir. Lakin bu məbləğ növbəti illərdə çox artacaq. Bu investisiyaların əksəriyyəti Asiyada həyata keçiriləcək. Təkcə ona görə yox ki, Asiya hazırda generasiya baxımından qlobal miqyasda quraşdırılmış gücün 50 %-ni təşkil edir, həm də ona görə ki, hazırda Asiyada bu istiqamətdə fərqli dinamika var".