ADDA və ABŞ dənizçilik universitetləri arasında strateji əməkdaşlığa doğru ilk addım atılıb
- 04 dekabr, 2025
- 18:06
Dekabrın 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüşün əsas hədəfi mövcud ixtisaslara uyğun olaraq qlobal miqyasda rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin etmək olub.
İşgüzar müzakirələr şəraitində keçən görüş zamanı tərəflər Azərbaycan Dövlət Dəniz Akademiyasının ABŞ-ın dənizçilik sahəsində ixtisaslaşmış qabaqcıl universitetləri ilə çoxtərəfli əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Eldar Qocayev qonaqlara ADDA-nın mövcud akademik potensialı, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən strategiyalar və dənizçilik sahəsində yüksəkixtisaslı mütəxəssis hazırlığına yönəlmiş prioritet hədəflər barədə ətraflı məlumat verib.
Rendi Koul, öz növbəsində, ABŞ səfirliyinin Azərbaycan təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını müzakirə etməyə həmişə açıq olduğunu, xüsusilə də dənizçilik sahəsində mühəndislik və innovasiya istiqamətlərində birgə işbirliyi fəaliyyətlərinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.
ADDA-nın təhsil və tədqiqat sahəsində beynəlxalq inteqrasiyasını gücləndirəcək, akademiyanın ixtisas profillərini daha rəqabətədavamlı edəcək və məzunların qlobal əmək bazarında üstün mövqe qazanmasına kömək edəcək.
Müzakirələr akademik mobililik, professor-müəllim və tələbə mübadiləsi, tələbələrin qısamüddətli təlimlərdə, qış/yay məktəbləri proqramlarında iştirakı, ikili diplom proqramlarının təsis edilməsi, birgə üzmə istehsalat təcrübələrində iştirak, maddi-texniki bazanın inkişaf etdirilməsi, peşəkar ingilis dilinin dərinləşdirilməsi üzrə birgə fəaliyyət kimi prioritet məsələr üzrə keçirilib.
Görüşün sonunda tərəflər təhsil və tədqiqat sahəsində rəsmi əməkdaşlıq sənədinin (MoU) imzalanması prosesinə başlanması təşəbbüsünü dəstəklədiklərini bildiriblər.