Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir

Biznes
  • 04 dekabr, 2025
  • 18:53
Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir

Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsinə dair təqdimat keçirilib.

"Report" xəbər verir ki, təqdimat Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Beynəlxalq ticarət" işçi qrupunun iclasında keçirilib.

İclasda həmçinin beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinə dair hüquqi tənzimlənmələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müvafiq infrastruktur sahələrinin yaradılması imkanlarına dair təqdimatlar dinlənilib.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması Strategiyası sənədi üzrə Azərbaycan tərəfindən müvafiq əlaqələndirici orqan kimi "Beynəlxalq ticarət" işçi qrupunun 2025-ci il ərzində fəaliyyəti çərçivəsində atılan addımlar diqqətə çatdırılıb.

Daha sonra işçi qrupun fəaliyyətinə dair "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Beynəlxalq ticarət" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsi barədə 2025-ci il üzrə Yol xəritəsi"nə daxil edilən tapşırıqların icra vəziyyəti barədə müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.

İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinovun, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti