Tramp Əfqanıstan - Pakistan toqquşmalarına münasibət bildirib
- 13 oktyabr, 2025
- 01:52

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan və Pakistan arasında toqquşmalar barədə eşitdiyini bildirib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Tramp "gözləməyin lazım olacağını" deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, hazırda başqa münaqişənin həlli üzərində işləyir.
"Mən sülh əldə etməyi yaxşı bacarıram", - ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər. Yaraqlıların dövlət sərhədində törətdiyi təxribat nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.
Pakistanın Müdafiə Nazirliyi qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.