NATO iki həftəlik təlim keçirəcək
- 13 oktyabr, 2025
- 03:16

Bazar ertəsi NATO-nun illik nüvə silahının qarşısının alınması ilə bağlı "Steadfast Noon" (Davamlı günorta) təlimi başlayacaq.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
"Qeyd etmək lazımdır ki, bu təlim hər il keçirilir. Bu, illik təlimdir və müntəzəmdir. Biz bunu etməliyik, çünki təlim bizə nüvə çəkindirməsinin maksimum etibarlılığını, təhlükəsizliyini və effektivliyini təmin etməyə kömək edəcək", - alyansın rəhbəri Mark Rutte ötən cümə günü yayımlanan video müraciətində bildirib.
"Bu, həmçinin istənilən potensial düşmənə aydın mesaj göndərir ki, bütün müttəfiqləri istənilən təhlükədən müdafiə edəcəyik və qoruya bilərik", - Rutte əlavə edib.
Fransanın "20 Minutes" nəşri NATO-nun Nüvə Siyasəti üzrə direktoru Cim Stoksa istinadən yazıb ki, təlim heç bir ölkəyə qarşı yönəlməyib və heç bir real hadisə ilə əlaqəli deyil.
Təlim bazar ertəsi şəxsi heyətin brifinqləri ilə başlayacaq. NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Qərargahında Nüvə Əməliyyatları üzrə Direktoru polkovnik Daniel Bunçun sözlərinə görə, uçuşlar ertəsi gün başlayacaq.
Təlim Avropanın şimal-qərbindəki Şimal dənizi regionunda baş tutacaq və iki həftə davam edəcək. Burada NATO üzvü olan 14 ölkədən 2 000 hərbçi və 71 təyyarə iştirak edəcək.
Birləşmiş Ştatlar həm adi, həm də nüvə silahlarını daşıya bilən dörd F-35 ikili qabiliyyətli döyüş təyyarəsi ilə təmsil olunacaq. Almaniya üç "Tornado" ikili qabiliyyətli təyyarə, Polşa üç F-16, Finlandiya dörd F-18 və İsveç "Gripen" döyüş təyyarəsi göndərib. Bundan əlavə, təlimdə elektron müharibə, kəşfiyyat, komanda və idarəetmə, tanker təyyarələri də iştirak edəcək.