Gürcüstanın XİN rəhbəri: "Şəffaflıq haqqında qanun" gizli planların qarşısını aldı
- 13 oktyabr, 2025
- 01:04

"Şəffaflıq haqqında qanun" Gürcüstanda gizli planların qarşısını aldı.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi LIVE" verilişində qeyri-hökumət təşkilatları (QHT) haqqında danışarkən deyib.
Nazir bildirib ki, bəzi QHT-lər vətəndaş cəmiyyətini təmsil etmir, onların fəaliyyəti ölkədə dağıdıcı məqsədlər güdür.
"Biz vətəndaş cəmiyyəti anlayışını indi danışdıqlarımızdan ayırmalıyıq. Bu, vətəndaş cəmiyyətinin siması deyil. Bu təşkilatlar müxtəlif mənbələrdən maliyyələşir və dağıdıcı məqsədlərlə fəaliyyət göstərirlər," - Boçorişvili deyib.
Nazirin sözlərinə görə, məhz buna görə "Şəffaflıq haqqında" Qanun bəzi QHT-lər tərəfindən bəyənilməyib: "Onlar qanunu istəmədilər, çünki bu zaman arxada dayanan məqsədlər üzə çıxacaqdı. Biz izah etmişdik ki, qanun həm də donorların müdafiəsinə xidmət edir. Əgər məqsəd Gürcüstanda demokratiyanın inkişafına kömək etməkdirsə, onda gizlədəcək nə var?".
Boçorişvili vurğulayıb ki, yaxşı iş görən təşkilatın onu gizlətməyə çalışması məntiqsizdir. O, şəffaflığın ölkədə məhz gizli planların həyata keçirilməsinin qarşısını aldığını qeyd edib.
"Bu proseslər niyə qeyri-demokratik şəkildə getməlidir? Bütün bunlar guya demokratiya uğrunda mübarizə adı altında baş verir, halbuki bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, demokratik nizama qarşı yönəlmiş fəaliyyətdir", - nazir əlavə edib.