Nyu-York BMT Baş Assambleyasının iclasına hazırlaşır: təhlükəsizlik gücləndirilib
- 22 sentyabr, 2025
- 01:51

ABŞ-nin BMT Baş Assambleyası çərçivəsində dünya liderlərinə ev sahibliyi edəcək Nyu-York şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, ənənəvi "Yüksək Səviyyəli Həftə"də bu il bəzi liderlər ilk dəfə dövlət başçısı kimi assambleya kürsüsünə çıxacaq. Onların arasında Meksikanın ilk qadın Prezidenti Klaudia Şeynbaum və Suriyanın dövlət başçısı da var.
Eyni zamanda, ABŞ-nın bir sıra məhdud vizalar siyasəti çərçivəsində Fələstin rəhbərliyindən olan bəzi şəxslərin, dövlət və hökumət nümayəndələrinin vizaları ləğv edilib. Məsələn, Prezident Məhəmməd Abbas ABŞ-nin vizasını ala bilməməsi səbəbindən sessiyada şəxsən iştirak edə bilməyəcək, çıxışını videogörüntü vasitəsilə edəcək.
Tədbirlə əlaqədar BMT-nin qərargahının ətraf küçələri bağlanıb, yaxın ərazilərdə minlərlə polis, xüsusi xidmət orqanları və federal xidmətlərin əməkdaşları xidmət aparır. Hava məkanında nəzarət gücləndirilib, dəniz və dron patrulları fəaliyyət göstərir.
Nyu-York polisi şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə və mümkün gecikmələrə hazır olmağa çağırıb. Rəsmilər bildiriblər ki, hazırda konkret təhlükə barədə məlumat yoxdur, lakin yüksək səviyyəli tədbir səbəbindən təhlükəsizlik maksimum səviyyəyə çatdırılıb.
Qeqd edək ki, sabah Nyu-Yorkda dünya liderlərinin iştirakı ilə baş tutacaq BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bir həftə ərzində qlobal problemlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Sessiyada dünyanın 193 üzv dövlətindən nümayəndə heyətləri qatılacaq, tədbirdə 150-dən çox ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir.
"Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, açılış nitqini Braziliya Prezidenti edəcək, sonra tribunaya ABŞ Prezidenti Donald Tramp çıxacaq. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.