Merts: Almaniya İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırımı hesab etmir
- 19 sentyabr, 2025
- 01:26

Almaniya hökuməti İsrailin Qəzza sektorundakı hərəkətlərinin "soyqırımı" kimi qiymətləndirilməsi ilə razı deyil.
"Report"un məlumatına görə, bu barədə Almaniya Kansleri Fridrix Merts Madriddə İspaniya Baş naziri Pedro Sançes ilə birgə mətbuat konfransında danışıb.
"Biz bu hərəkətlərin soyqırımı kimi təsvir olunması ilə bağlı bir-birimizlə razı deyilik", – deyə kansler jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Biz bu hərəkətlərin proporsional olmadığını qəbul edirik", – o əlavə edib.
Mertsin fikrincə, İsrail hökuməti bu yolla öz məqsədlərinə, yəni HƏMAS-ın məhv edilməsinə nail ola bilməyəcək.
"Biz İsrailin tərəfindəyik, lakin bu, İsrail hökumətinin hər bir qərarını dəstəklədiyimiz anlamına gəlmir", – kansler vurğulayıb.
Merts həmçinin bir daha bəyan edib ki, Almaniya hökuməti üçün Fələstin dövlətçiliyinin tanınması hazırda müzakirə mövzusu deyil.
Kansler etiraf edib ki, Berlinin mövqeyi qismən Almaniyanın tarixi ilə bağlıdır. "Bir şey də aydındır: İsrail hökumətinin tənqid olunması mümkün olmalıdır, lakin bu tənqid heç vaxt yəhudilərə qarşı nifrət alətinə çevrilməməlidir", – deyə o qeyd edib.