Makron: Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlığı başa çatıb
- 03 sentyabr, 2025
- 22:56

Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasını başa çatdırıb.
"Report"un məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.
"Bu hazırlıq işləri başa çatıb", - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Avropa liderlərinin Vaşinqtonda üzərinə götürdüyü öhdəliklər bu gün günortadan sonra müdafiə nazirləri səviyyəsində ciddi məxfilik şəraitində hazırlanıb, sənədləşdirilib və təsdiqlənib.
Makronun sözlərinə görə, Avropa Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh sazişinin qüvvəyə minməsindən dərhal sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Qeyd edək ki, sabah "İstəklilər Koalisiyası"nın Ukrayna üçün təhlükəsizlik təminatlarına və ona gələcək dəstəyə həsr olunmuş videokonfransı keçiriləcək.
Almaniya kansleri Fridrix Merts vurğulayıb ki, ən mühüm təhlükəsizlik zəmanəti Ukrayna Silahlı Qüvvələrinə kifayət qədər dəstək verilməsidir.
Zelenski, öz növbəsində, Avropa liderləri ilə gözlənilən görüşlər fonunda Ukraynanın nəzərəçarpacaq dərəcədə gücləndiyini açıqlayıb.