Luvrdan 7 dəqiqəyə Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
- 19 oktyabr, 2025
- 14:46

Naməlum şəxslər Parisdəki Luvr muzeyindən Napoleon və imperatriça Jozefina kolleksiyalarından zinət əşyaları oğurlayıblar.
"Report"un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, qarətçilərin oğurluqdan sonra "TMax" markalı motosikletə minərək A6 avtomobil yoluna doğru getdikləri iddia edilir.
Qeyd olunur ki, oğurluğun baş verdiyi Apollon Qalereyası Luvrda muzeyin ən qiymətli tarixi kolleksiyalarının yerləşdiyi əlamətdar yerdir.
Ziyarətçilər və muzey işçiləri arasında xəsarət alan olmayıb. Lakin şahidlər hadisə zamanı təşviş yaşadıqlarını bildiriblər:
"Polis əməkdaşları qaçaraq Luvrun yan şüşəli qapılarından içəri girmək istəsələr də, kilidli olublar və onları açmaq mümkün olmayıb. İçəridə hamı qaçıb şüşə qapıları döyüb, qaçmağa çalışıb, amma heç bir nəticə olmayıb. Çoxlu sayda polis və jandarm əraziyə gəlib".
"France Inter" radiosuna müsahibə verən daxili işlər naziri Loran Nunes naməlum şəxslərin forkliftlə binaya daxil olduğunu təsdiqləyib. O, qiymətsiz zinət əşyalarını cəmi 7 dəqiqəyə oğurladıqlarını söyləyib. Nazir bunun bir qrup şəxs tərəfindən diqqətlə planlaşdırılmış oğurluq hadisəsi olduğunu iddia edib.
"Le Parisien" bildirib ki, oğurlanmış daş-qaşlardan biri muzeyin yaxınlığında tapılıb. Bunun İmperator Yevgeninin sındırılmış tacı olduğu güman edilir.