KİV: ABŞ Argentina ilə vizasız gediş-gəlişi dayandırıb

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 23:49
KİV: ABŞ Argentina ilə vizasız gediş-gəlişi dayandırıb

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, nazirliyin qərarı artıq sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini təəccübləndirib. Nazirlik qeyd edib ki, hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Mileylə bağlı korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil. Bu, ABŞ səlahiyyətliləri arasında narahatlıq yaradır, lakin Vaşinqton əvvəllər narahatlığını Buenos Ayreslə bölüşməyib.

Qeyd olunur ki, iyul ayında nazirliyin rəhbəri Kristi Noem Argentina ilə niyyət razılaşmasını ABŞ dövlət katibi Marko Rubio ilə razılaşdırmadan imzalayıb. Mənbələrin bildirdiyinə görə, sövdələşmənin bir hissəsi olaraq Buenos Ayres Çin kompüter sistemləri və proqram təminatını Amerika sistemləri ilə əvəz etməyi öhdəsinə götürüb, lakin Dövlət Departamenti də korrupsiya məsələsini müzakirə etməkdə israr edib.

Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi nazirliyin işindəki uyğunsuzluq və ya çatışmayan imza ilə bağlı portala şərh verməkdən imtina edib, lakin idarənin Argentina ilə əməkdaşlığı davam etdirmək niyyətindən əl çəkmədiyini vurğulayıb.