Tramp polşalı həmkarını G20-nin 2026-cı ildə keçiriləcək sammitinə dəvət edib
- 04 sentyabr, 2025
- 01:13

ABŞ Prezidenti Donald Tramp Polşa lideri Karol Navroçkini 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.
"Report"un xəbərinə görə, bunu Navroçki "TVP İnfo" telekanalının yayımladığı mətbuat konfransında deyib.
"Mən Prezident Donald Trampdan gələn il Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvət aldım", - Polşa Prezidenti qeyd edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, rəsmi Varşava Vaşinqtondan onu G20-yə dəvət etməyi xahiş edəcək.
Qeyd edək ki, G20-nin əsası 1999-cu il dekabrın 15-16-da yeddi aparıcı sənayeləşmiş ölkənin: Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə Berlində keçirilən konfransda qoyulub. Əsas məqsəd qlobal çağırışlara cavab olaraq tədbirlərin işlənib hazırlanması prosesinə böyük inkişaf etməkdə olan ölkələri cəlb etmək idi. İyirmilik qrupunun üzvləri 19 dövlətdir (təsisçi ölkələrlə yanaşı, bunlar Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika Respublikası və Koreya Respublikası), həmçinin Avropa İttifaqı və Afrika İttifaqıdır.