Harvard ABŞ rəsmiləri ilə razılaşmaya əsasən təqribən 500 milyon dollar ödəyəcək
- 01 oktyabr, 2025
- 01:46

Harvard universiteti və ABŞ prezidenti Donald Trampın administrasiyası ali təhsil ocağının təqribən 500 milyon dollar ödəməsi və peşəkar məktəblərdə süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətməsi üçün proqramlar hazırlaması barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
"Harvard universiteti təxminən 500 milyon dollar ödəyəcək və peşəkar məktəbləri idarə edəcəklər. Onlar insanları süni intellektlə qarşılıqlı əlaqədə olmaq və daha çox şey öyrədəcəklər. Bizim peşəkar məktəblərdə insanlara ehtiyacımız var", - Prezident bildirib.
ABŞ administrasiyası ilə Harvard arasında münaqişə ən azı bu ilin yazından davam edir. Aprelin 15-də Tramp Harvard Universitetini siyasi təşkilat kimi təsnif etməyi və onun vergidən azad statusunu ləğv etməyi təklif edib.
Təhsil Departamenti universitetə ayrılan 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu açıqlayıb. ABŞ administrasiyası daha əvvəl yəhudi tələbələrin antisemitizmdən qorunmasının vacibliyini əsas gətirərək universitetin siyasətində dəyişiklik edilməsini tələb etmişdi.