ABŞ-də federal hökumət fəaliyyətini qismən dayandırıb - YENİLƏNİB - 2

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 08:02
ABŞ-də federal hökumət fəaliyyətini qismən dayandırıb - YENİLƏNİB - 2

ABŞ Senatında Respublikaçılar Partiyasının federal hökumətin maliyyələşməsini davam etdirməklə bağlı irəli sürdüyü layihə səsvermədən keçməyib.

"Report" xəbər verir ki, layihə iki dəfə lazım olan 60 səsi toplaya bilməyib.

Artıq oktyabrın 1-dən işçilər məzuniyyətə göndəriləcək və federal xidmətlər dayanacaq.

Konqresin yuxarı palatasında Respublikaçı çoxluğun lideri Con Tyun bildirib ki, Demokratlar, bağlanmanın qarşısını almağa yönəlmiş qanun layihəsini dəstəkləmədikləri üçün hökumətin fəaliyyətini dayandırmağı seçiblər.

Digər Respublikaçı senator Ted Kruz isə vurğulayıb ki, ABŞ federal hökumətinin qismən bağlanması həftələr çəkə bilər: "Demokratların dediyi budur: "Biz ABŞ Prezidenti Donald Trampa nifrət edirik, ona o qədər nifrət edirik ki, hökumətləri bağlayacağıq".

ABŞ qanunlarına əsasən, federal hökumətin maliyyələşdirməsinin dayandırılması halında milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər öz fəaliyyətini davam etdirir.

Fəaliyyəti həyat və əmlakın qorunmasına yönəlmiş dövlət qulluqçularına da oxşar tələblər qoyulur. Belə şəraitdə işləməyə məcbur olan həmin dövlət işçiləri maaşlarını almırlar. Lakin onlar adətən maliyyə məsələsi həll olunandan sonra ödənilir.

Artıq federal idarələr də fövqəladə vəziyyət planlarını hazırlayıblar. Belə ki, hökumət bağlanarsa, yaşlı vətəndaşlara, əlillərə və digər amerikalılara sosial təminat ödənişləri kəsilməyəcək. Dövlət Departamenti pasportlar və vizalar verməyə davam edəcək. Həm ölkə daxilində, həm də xaricdə konsulluq xidmətləri açıq qalacaq.

ABŞ Senatı federal hökumətin yaxın saatlarda baş verə biləcək qismən bağlanmasının qarşısını almağa yönəlmiş iki partiyalı qanun layihəsini yenidən rədd edib.

"Report" xəbər verir ki, hökumətin bağlanmasının qarşısını almaq üçün Nümayəndələr Palatasında qəbul edilən və Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsi Senatda lehinə 55, əleyhinə 45 səs toplayıb.

Demokratların təqdim etdiyi qanun layihəsini 47 senator dəstəkləyib, 53 senator isə əleyhinə səs verib.

Konqresin yuxarı palatasında təsdiq üçün ən azı 60 səs lazımdır. Buna görə də Senat oktyabrın 1-də yerli vaxtla gecə yarısı (çərşənbə günü Bakı vaxtı ilə 8:00) hökumətin mümkün bağlanmasının qarşısını alan qanun layihəsini hələ də qəbul edə bilməyib.

ABŞ Senatı Demokratlar tərəfindən federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün təqdim edilən qanun layihəsini rədd edib.

"Report" xəbər verir ki, qanun layihəsini 47 nəfər dəstəkləyib, 53-ü isə əleyhinə səs verib.

Təsdiq üçün ən azı 60 səs lazım olub. Qanun layihəsi oktyabrın 1-də hökumətin qismən bağlanmasının qarşısını almaq məqsədi daşıyıb.

Odur ki, ABŞ Konqresi yerli vaxtla bu gün gecə yarısına kimi razılığa gəlməsə, hökumət oktyabrın 1-dən növbəti şatdaunla (hökumətin fəaliyyətini dayandırması) ilə üzləşəcək.

ABŞ Prezidenti Donald Tramp əvvəllər Konqresdəki Respublikaçılar və Demokratlar oktyabrın 1-dək federal hökumətə əlavə vəsait ayırmaq üçün qanun layihəsi üzərində konsensusa gələ bilməsələr, şatdaun (hökumətin fəaliyyətini dayandırması) ehtimalını qaldırıb.

Qeyd edək ki, artıq federal idarələr də fövqəladə vəziyyət planlarını hazırlayıblar. Belə ki, hökumət bağlanarsa, yaşlı vətəndaşlara, əlillərə və digər amerikalılara sosial təminat ödənişləri kəsilməyəcək. Dövlət Departamenti pasportlar və vizalar verməyə davam edəcək. Həm ölkə daxilində, həm də xaricdə konsulluq xidmətləri açıq qalacaq.

1977-ci ildən bəri bu cür maliyyələşdirmə administrasiya ilə Konqres arasında fikir ayrılıqları səbəbindən 20 dəfədən çox kəsilib. Ən uzun şatdaun Trampın birinci prezidentik dövründə 35 gün davam edib - 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinə qədər.

Son xəbərlər

Bütün Xəbər Lenti