CNN: ABŞ Ədliyyə Nazirliyi gizli şəkildə narkokartellərə qarşı hücumları təsdiqləyib
- 07 oktyabr, 2025
- 03:52

ABŞ Ədliyyə Nazirliyi narkokartellərə hücum etməyi əsaslandıran hüquqi rəy hazırlayıb.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, rəy məxfidir, sənəddə ABŞ Prezidentinin kartellərə qarşı güc tətbiq etmək hüququnun olduğu göstərilir, çünki onlar "amerikalılar üçün birbaşa təhlükə təşkil edir". Əməliyyatlar üçün əsaslandırmadan əlavə, rəydə ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınmayan kartellər də daxil olmaqla, siyahı genişləndirilib.
Hüquq sahəsi ekspertlərinin fikrincə, bu cür rəy əhəmiyyətli dəyişiklikdir, çünki faktiki olaraq prezidentə narkotik satıcılarını döyüşçü kimi müəyyənləşdirərək bu qruplara qarşı açıq hərbi əməliyyatlar aparmağa və onları hüquqi yoxlama olmadan məhv etməyə icazə verir. Tarixən narkotik alveri ilə əlaqəli insanlar prosessual hüquqlara malik cinayətkarlar kimi təsnif edilirdi.
Pentaqonda hüquq sahəsi ekspertləri Ədliyyə Nazirliyinin qərarının qanuniliyinə şübhə edirlər, eyni zamanda, qeyd olunur ki, ABŞ Müharibə Nazirliyinin hüquqşünasları bu rəyə etiraz edə bilməzlər.