Pakistanlı nazir: Azərbaycan Ermənistanı bataqlıqdan çıxarıb

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 02:20
Pakistanlı nazir: Azərbaycan Ermənistanı bataqlıqdan çıxarıb

Sülh sazişinin paraflanması ilə Azərbaycan Ermənistana əl uzadaraq bataqlıqdan çıxartdı.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Pakistanın kütləvi informasiya və kommunikasiya naziri Ataullah Tarar deyib.

Nazir Azərbaycan və Pakistan arasında çoxşaxəli, sıx diplomatik əlaqələrdən danışıb:

"Azərbaycan və Pakistan qardaşlıq səviyyəsində çox strateji münasibətlərə malikdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə çox yaxın əlaqələri var. Mən düşünürəm ki, Prezident İlham çox böyük liderdir, o, ölkəsində çoxlu işlər görüb. Biz çox qürurlandıq ki, Bakı COP29-a ev sahibliyi etdi, biz də orada idik. Bizim Azərbaycana ikitərəfli səfərlərimiz olub. Təkcə bu deyil, biz Qarabağa dəvət olunanda Laçına və Şuşaya səfər etdik. Qarabağ Azərbaycanın dilbər guşəsidir. Azərbaycanın çox gözəl turistik məkanları var. Pakistan Prezident İlham Əliyevin dəvəti ilə oraya dəvət olunan azsaylı ölkələrdən biri idi. Biz Şuşada və Laçında çox məhsuldar görüşlər keçirdik.

Bundan əlavə, Pakistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli danışıqlar da aparılır. Azərbaycan nümayəndə heyətləri Pakistana gəlir, bizim nümayəndələr də Azərbaycana gedirlər. Biz ticarət, investisiya, enerji, infrastruktur kimi müxtəlif sahələrdə əməkdaşlığı davam etdiririk. Məncə, son bir neçə ildə Pakistan-Azərbaycan münasibətləri böyük dərəcədə inkişaf edib və biz bu dostluğu çox yüksək qiymətləndiririk. Pakistan xalqı Azərbaycana qarşı çox isti münasibət bəsləyir. Çoxlu pakistanlı turist turizm məqsədilə Bakıya gedir. Eyni zamanda, Azərbaycandan da çoxlu insanlar Pakistana gəlirlər. Yəni sadə Pakistanın mülki vətəndaşları da bu dostluğun əhəmiyyətini anlayır və Azərbaycanı dost və qardaş ölkə kimi görürlər".

Nazir bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən çox apardığı işğal siyasətində Pakistan hər zaman Azərbaycanın yanında olub və beynəlxalq arenada Azərbaycanın ən güclü dəstəkçisidir:

"Sülh dövründə də, müharibə vaxtı da Pakistan hər zaman Azərbaycanı dəstəkləyib. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi çox böyük bir uğurdur. Bu, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nəticəsidir. Eyni zamanda, bu sülhü vasitəçilik edərək əldə etdiyinə görə Prezident Donald Trampa da təşəkkür etmək lazımdır. Məncə, bu sülh sayəsində hər iki ölkə daha da inkişaf edəcək, regionda daha çox sabitlik yaranacaq. Pakistan hər zaman və hər şəraitdə Azərbaycanın yanında olub və olacaq.

Artıq dediyim kimi, Prezident Əliyevin uzaqgörən liderliyi nəticəsində həm Qarabağın azad edilməsi, həm də ondan sonra sülh sazişinin paraflanması çox böyük nailiyyətdir. Məncə, bu vəziyyətdə Azərbaycan qarşı tərəfə əl uzadaraq onları bataqlıqdan çıxartmış oldu. Bununla da Azərbaycan, doğrudan da, yeni bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının bu ilki iclasında iştirakı da göstərir ki, dünya artıq Azərbaycanı çox ciddi qəbul edir".

Son xəbərlər

Bütün Xəbər Lenti