Çilinin milli parkında əlverişsiz hava şəraiti səbəbindən beş turist ölüb
- 19 noyabr, 2025
- 04:45
Çilinin məşhur Torres-del-Payne Milli Parkında hava şəraitinin kəskin pisləşməsi səbəbindən beş turist ölüb.
"Report"un "El Pais"ə istinadən verdiyi məlumata görə, bu barədə Prezidentin Maqalyanes bölgəsindəki Nümayəndəliyinin ofisi xəbər verib.
"İtkin düşmüş kimi siyahıya alınan yeddi nəfərlə bağlı dörd nəfərin sağ olduğu təsdiqlənib. Təəssüf ki, üç nəfər ölüb: ikisi Almaniya vətəndaşları, biri isə Britaniya vətəndaşı", - açıqlamada bildirilir. Ölən digər iki şəxs Meksikadan olan turistlərdir.
Faciə turistlər arasında ən populyar seçimdən daha çətin hesab edilən dairəvi marşrutun bir hissəsində baş verib. Bu əraziyə bir gün əvvəl qar yağıb və güclü külək əsib. Turistlər fırtına onları gözlənilmədən yaxalayan zaman yürüş ediblər. Axtarış güclü qar və külək səbəbindən çətinləşib.
Təhlükəsizlik səbəbindən parkın bir hissəsi ziyarətçilər üçün bağlanıb.