Britaniyada Trampın səfəri zamanı dron uçuranlar həbs edilib
- 17 sentyabr, 2025
- 05:18

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri ərəfəsində polis 37 yaşlı kişi Vindzor üzərində dron uçurmaqda şübhəli bilərək həbs edib. Bir neçə saat əvvəl daha bir nəfər pilotsuz təyyarə idarə etdiyinə görə həbs olunub.
Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.
Eylsberidən olan şübhəli şəxs müvəqqəti uçuş məhdudiyyətlərini pozduğuna görə həbsdədir. Məhdudiyyətlər ABŞ Prezidentinin Böyük Britaniyada qısa müddət ərzində olduğu müddətdə təhlükəsizliyi təmin etmək üçün polisin genişmiqyaslı əməliyyatı çərçivəsində tətbiq edilib.
Temza polisi bildirib ki, həmin şəxs Vindzor qəsri yaxınlığındakı Datçet kəndində dron idarə edirmiş.
Bu, Brentforddan olan digər 37 yaşlı kişinin də Böyük Vindzor Parkı üzərində pilotsuz uçuş aparatı uçurmaqda şübhəli bilinərək həbs edilməsindən bir neçə saat sonra baş verib.
Qeyd edək ki, Donald Tramp həyat yoldaşı ilə birlikdə Böyük Britaniyaya gedib.