Ekvadorda on minlərlə insan qızıl hasilatına etiraz edib
- 17 sentyabr, 2025
- 05:37

Ekvadorun Kuenka şəhərində 90 mindən çox insan qızıl hasilatı layihəsinə etiraz edib.
"Report" xəbər verir ki, bu barədə şəhərin meri Kristian Samora bildirib.
"90 mindən çox insan yüksək səslə və aydın danışdı. Atalarımızın torpağını müdafiə edən azad şəhərin cavabı bizi şoka saldı", - o, "X"də yazıb.
Etirazçılar 580 min əhalisi olan Kuenkanın cənub-şərqində qızıl hasilatı layihəsinin su ehtiyatlarını çirkləndirəcəyini düşünürlərr. Samora bildirib ki, o, sentyabrın 16-nın paramo su və yerli ekosistemin Müdafiəsi Günü elan edilməsi təklifini regional Şuraya təqdim etmək niyyətindədir.
Loma Larqa mədəni Kuenkadan 30 km məsafədə yerləşir. Onun hasilat hüququna sahib olan Kanadanın "Dundee Precious Metals" şirkəti iyul ayında ekoloji lisenziya aldığını açıqlayıb. Mədənin tikintisinə bu ilin sonunda başlanması planlaşdırılır.