Britaniya ABŞ ilə 42 milyard dollarlıq investisiya barədə razılığa gəlib
- 17 sentyabr, 2025
- 03:55

Böyük Britaniya və ABŞ süni intellekt, kvant texnologiyalarının inkişafı sahəsində əməkdaşlığı və nüvə enerjisi sahəsində tərəfdaşlığı özündə birləşdirən texnoloji tərəqqi sazişi haqqında razılığa gəliblər.
"Report"un xəbərinə görə, bu barədə Böyük Britaniya Baş nazirinin Dəftərxanasının məlumatında deyilir.
Sənədə əsasən, əldə olunan razılaşmalar əsasında Amerikanın "Microsoft", "Nvidia", "Google" və "OpenAI" şirkətlərindən Britaniya iqtisadiyyatına 31 milyard funt-sterlinq (42,3 milyard dollar) investisiya yatırılacaq.
Qeyd edilir ki, sövdələşmə nəticəsində 2026-cı ilin sonuna qədər 120 min "Nvidia" qrafik prosessoru alındıqdan sonra Avropanın ən böyük belə klasteri Böyük Britaniyada olacaq.
Böyük Britaniya iqtisadiyyatına ən böyük sərmayəni 23 min çip əsasında ölkənin ən böyük superkompüterinin yaradılması da daxil olmaqla, süni intellekt texnologiyaları ilə bağlı infrastruktura dörd il ərzində 30 milyard dollar sərmayə qoyacaq "Microsoft" şirkəti edəcək. "Google" da öz növbəsində 5 milyard funt sterlinqlik investisiya çərçivəsində London yaxınlığındakı Uolfem-Kross şəhərində məlumat mərkəzi açacaq. Korporasiyanın kapital qoyuluşunun Böyük Britaniyada 15 minə yaxın iş yerinin yaradılmasına gətirib çıxaracağı gözlənilir.