Almaniyanın ixracatında kəskin azalma müşahidə olunur
- 22 sentyabr, 2025
- 00:57

Almaniyada geosiyasi dəyişikliklər, ABŞ və Çinin aqressiv hərəkətləri səbəbindən müsbət ticarət balansı azalır.
"Report" xəbər verir ki, bu nəticəyə Hans Bekler Fondunun Makroiqtisadiyyat və İqtisadi Dövrlərin Tədqiqi İnstitutunun (IMK) əməkdaşları gəliblər.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, yanvar-iyul aylarında ölkənin xarici ticarət balansı 21,2 % pisləşib. Enmə ixracın azalması və bir neçə ölkədən idxalın artması ilə izah edilib.
Ən başlıca səbəb ABŞ və Çinə ixracatın azalması və bu ölkələrdən idxalın artması ilə bağlı olub. İnstitutun elmi direktoru Sebastian Dullien hesab edir ki, bu məlumatlar xarici ticarətdə Almaniya iqtisadiyyatının mövcud geoiqtisadi dəyişikliklərdən nə qədər ciddi şəkildə təsirləndiyini göstərir. "Bu hadisələrin arxasında Çin və ABŞ-nin sənaye və ticarət siyasəti sahəsində aqressiv hərəkətləri dayanır", - iqtisadçı deyib.
Ekspert ABŞ-nin rüsum strategiyasını seçdiyini və Çinin illərdir iqtisadiyyatın əsas sektorlarında üstünlük əldə etdiyini açıqlayıb.