ABŞ və Meksika narkotik kartellərinin zərərsizləşdirilməsində əməkdaşlıq edəcək
- 04 sentyabr, 2025
- 02:16

ABŞ dövlət katibi Marko Rubio və Meksika Prezidenti Klaudiya Şeynbaum Meksikanın paytaxtında keçirilən görüşdə narkotik kartelləri və digər transmilli cinayətkar qruplarla mübarizədə əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyiblər.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"Onlar Birləşmiş Ştatlar və Meksika arasında güclü tərəfdaşlığı və kartellərin zərərsizləşdirilməsi, fentanil, transmilli cinayət zorakılığı ilə mübarizə, qanunsuz miqrasiyanın qarşısının alınması, iqtisadi rifahın və təhlükəsizliyin təşviq edilməsinə dair birgə öhdəliklərini bir daha təsdiqləyiblər", - sənəddə deyilir.
ABŞ dövlət katibi Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqton Karib dənizində narkotik vasitələrin daşınması üçün istifadə olunan katerlərin məhv olunması əməliyyatını davam etdirmək niyyətindədir.