ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
- 16 oktyabr, 2025
- 01:50

ABŞ Senatı son həftələr ərzində doqquzuncu dəfədir ki, Respublikaçılar tərəfindən irəli sürülən federal hökumətin maliyyələşdirilməsinə yönəlmiş qanun layihəsini rədd edib.
"Report" xəbər verir ki, Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.
Səsvermə zamanı Respublikaçılar tərəfindən hazırlanmış və əvvəllər Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsini Konqresin yuxarı palatasının 51 üzvü dəstəkləyib, 44-ü əleyhinə səs verib. Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur. Senat əvvəllər hökuməti maliyyələşdirməyə davam etmək üçün Demokratlar tərəfindən irəli sürülən qanun layihəsini azı yeddi dəfə rədd edib.
Oktyabrın 14-də Ağ Evin İnzibati Büdcə İdarəsi bildirib ki, Vaşinqton administrasiyası federal hökumətin qismən fəaliyyətini dayandırmasına baxmayaraq, ABŞ hərbçilərinə və hüquq-mühafizə orqanlarına əməkhaqqı ödəməyə davam etmək niyyətindədir və həmçinin hökumət aparatında əlavə ixtisarlar planlaşdırır.
ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə 8:00) qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin razılığa gələ bilməməsi səbəbindən baş verib.