Siyavuş Novruzov: İcbari tibbi sığortanın sənədləşmə prosesi sadələşdirilməlidir

Daxili siyasət
  • 30 sentyabr, 2025
  • 13:18
Siyavuş Novruzov: İcbari tibbi sığortanın sənədləşmə prosesi sadələşdirilməlidir
Siyavuş Novruzov

İcbari tibbi sığortanın sənədləşmə prosesi sadələşdirilməlidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, vətəndaş aidiyyəti qurumla xəstəxana arasında qalmamalıdır: "Çünki insanlar müalicəyə gedirlər və sənədləşmə prosesinin asan olması vacibdir".

Komitə sədri, həmçinin bildirib ki, bəzi xəstəxanaların qiyməti az qala hotel qiyməti ilə eynidir.

"İcbari tibbi sığorta əməliyyatın və həkimin xərclərini qarşılayır. Amma bəzən olur ki, xəstəxanada qalmaq və əlavə digər xərclər bunu üstələyir. Hesab edirəm ki, xəstələrin xəstəxanada müalicə alma müddəti də icbari sığortada nəzərə alınmalıdır", - S.Novruzov vurğulayıb.

Komitə sədri onu da əlavə edib ki, bir qrup xəstəliklərə pulsuz dərmanlar ayrılır. Amma bu cür xəstələr üçün hər rayonda cəmi bir aptek yaradılıb:

"Elə olur ki, səhər açılandan oinsanlar növbəyə dururlar, dərmanlarını ala bilsinlər. Bu apteklərin sayının azlığı problem yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti