Qərbi Azərbaycan Xronikası: İrəvanlı akademikin faciəvi sonu
- 20 oktyabr, 2025
- 23:34

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva olub.
O, Qərbi Azərbaycanda yetişən şəxsiyyətlərdən biri, ömrünü Azərbaycan xalqının maariflənməsinə, elmin inkişafına həsr etmiş akademik Heydər Hüseynovun həyat və fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, H.Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayı Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olub. Hər iki ailə başçısı savadlı və imkanlı olub. Ailədəki altı uşağın kiçiyi olan Heydər dünyaya gələndən az sonra atası vəfat edib. Ailənin yükü anası ilə yanaşı, böyük qardaşı Yusifin üzərinə düşüb. Lakin Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürülüb.
F.Səfiyeva vurğulayıb ki, H.Hüseynov həmin vaxtlar böyük qardaşı və anasının himayəsi altında böyüyüb. 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərini mükəmməl səviyyədə öyrənib, tələbəlik illərindən təhsil müəssisəsində çalışıb. H.Hüseynov elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılığa da böyük maraq göstərib. Onun elmi yaradıcılığına SSRİ miqyasında yüksək səviyyədə qiymət verilib, iki dəfə Stalin mükafatına layiq görülüb.
Elm sahəsində böyük uğurlara imza atan, yüksək dövlət mükafatlarına layiq görülən H.Hüseynovun şöhrəti ona düşmənlər də qazandırıb. O dövrdə mühüm vəzifələrdə çalışan bəzi insanlar akademik H.Hüseynovun uğurlarından həm qıcıqlanıblar, həm də qorxublar. Bu səbəbdən də ən müxtəlif vasitələrlə ona qara yaxmağa, akademiki ölkə rəhbərinin gözündən salmağa çalışıblar. Təəssüf ki, bədxahlar sonda buna nail olublar. Stalin mükafatına layiq görüldüyünü sevincək şəkildə Mir Cəfər Bağırova çatdırmaq istəyən akademik H.Hüseynov onun çox pis rəftarı ilə qarşılaşıb.
M.C.Bağırovun qəzəbinə tuş gələn akademik H.Hüseynov bütün vəzifələrini itirib. Rejimin təbliğat maşını ona qarşı tam gücü ilə fəaliyyətə başlayıb. Ən yaxın adamları, dostları, hətta sevimli tələbələri də akademik H.Hüseynovun əleyhinə fikirlər səsləndirib, iclaslarda, yerli mətbuatda onu sərt tənqid atəşinə tutublar. Bu təzyiqlərə tab gətirə bilməyən alim intihar edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

